Ölkə futbolu

“Xəzər Lənkəran”: “Onlar stadiona “Molotov kokteyl” keçirə biliblər”

Xəzər Lənkəran” Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə ev oyununda baş vermiş olaylarla bağlı açıqlama yayıb. Klub bu hadisənin əvvəlcədən hazırlanmış və planlaşdırılmış şəkildə üçüncü qüvvələr tərəfindən həyata keçirildiyini qeyd edib:

“Oyundan əvvəl “Xəzər Lənkəran” klubunun təhlükəsizlik xidməti tərəfindən 20-30 nəfər futbol fanatlarını əsla xatırlatmayan bir qrup göz altına alınsa da, onlar izdihama qarışaraq stadiona soxula biliblər. Təəsüf hissi doğuran fakt ondan ibarətdi ki, bu şəxslər özləri ilə stadiona hətta peşəkarçasına hazırlanmış “Molotov kokteyl” tipli yandırıcı maddələr və küt alətlər keçirə biliblər. Öz çirkin niyyətlərini həyata keçirəndən sonra onlar mütəşəkkil qaydada yenidən kütləyə qarışaraq aradan çıxa bilmişlər. “Xəzər Lənkəran” klubunun rəhbərliyi olaraq xatırlatmaq istəyirik ki, bu stadion dünya standartlarına uyğun Azərbaycanda çox az stadionlardandı ki, iş adamı Mübariz Mənsimov tərəfindən Lənkəran futbolsevərlərinə hədiyyə edilib və heç bir lənkəranlı, xüsusilə də “Xəzər Lənkəran” fanatları öz doğma stadonuna bu cür ziyan vurmazlar və əksinə bu təxribatlarla mübarizədə onların da sıralarından xəsarət alanlar olub. “Xəzər Lənkəran” klubunun rəhbərliyi olaraq baş verənlərdən təəsüfümüzü bildirir və müvafiq orqanlardan xahiş edirik ki, günahkarların tezliklə tapılıb cəzalanmasına, stadiona dəymiş maddi ziyanın ödənməsinə nail olsunlar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43