Ölkə futbolu

“Xəzər Lənkəran” üçün yazı müsabiqəsi

İdman Araşdırmalar Mərkəzi (İAM) “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə yeni layihəyə start verir. Apasport.az saytının xəbərinə görə, İAM klubla birgə “Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri” mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri belədir:

1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir);

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

3. Yazı qəzetlərdə və ya saytlarda dərc edilməlidir;

4. Yazıda “İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;

5. Yazının dərc olunduğu mətbu orqan (qəzetdirsə 1 nüsxə, saytdırsa, linki), A4 formatda çap (3 nüsxə – müəllifin imzası göstərilməməlidir) variantları İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna təqdim olunmalıdır;

6. Yazılar A3 formatda 1 səhifədən (9 – 11 min işarə) çox olmamalıdır.

7. İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna yazıların son təqdim edilmə tarixi 30 aprel 2014-cü ildir.

Qiymətləndirmə meyarları:

– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

– dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer – 800 manat;

II yer – 600 manat;

III yer – 400 manat;

Həvəsləndirici mükafat – (3 nəfər) hərəyə 200 manat.

İdman Araşdırmalar Mərkəzi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43