Artıq iki gündür ki, paytaxtda məskunlaşan “Xəzər Lənkəran” klubu “Rəvan”la qarşılaşmanın hazırlığına start verib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda respublika stadionunun süni örtüklü meydançasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Bir müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Etame Mbilla və Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb.
O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan ayrı düşüblər. Bakıda hazırlığını davam etdirən komanda mart ayının 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyunöncəsi son məşqini keçirəcək.
Xatırladaq ki, Topaz Premyer Liqanın XXV turunun “Rəvan” – “Xəzər Lənkəran” görüşü martın 8-də, saat 15:00-da start götürəcək.