İdman

“Xəzər Lənkəran”ı məhvə sürükləyən o oldu”

Ötən gün Türkiyə mətbuatında “Palmali” Şirkətlər Qrupunun baş direktoru vəzifəsindən qovulan Alaatdin Aykaç haqqında ciddi ittihamlarla dolu yazılar ölkə mətbuatını da ” bəzədi”. 

Uzun illər adıçəkilən şirkətdə az qala  “ikinci adam” statusunda görülən, ” Şirkətə maddi ziyan vurmaq, şirkətin adından qatıldığı tenderlərdə  rəqib şirkətlər lehinə tenderlərdən çəkilmə” kimi ciddi ittihamlarla haqqında hüquq mühafizə orqanlarına şikayət olunacaq Alaatdin Aykaç futbola da  yad isim deyil. 
Allatdin Aykaç həmçinin Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr üzrə İdarə Heyətinin üzvüdür. Ölkə futbolsevərləri bu şəxsin adını ” Xəzər Lənkəran”la yanaşı da çox eşidiblər. Çünki, cənub klubunun sükanı arxasında olan Con Toşak və Mustafa Dənizlinin ölkəmizə gəlməsində Aykaçın rolu olub ki,  hər iki mütəxxəsisin vaxtı ilə açıqlamlarında bunu etiraf etməsi unudulmayıb. Görəsən bu gün haqqında ciddi itihamlar səslənən Aykaçın ” Xəzər Lənkəran”la bağlılığı daha hansı səviyyədə olub? 
Bu barədə ” Xəzər Lənkəran” klubunun keçmiş mətbuat xidmətinin rəhbəri, hazırda ” Palmali” Şirkətinin Bakı ofsisinin mətbuat katibi vəzifəsini icra edən Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Yaxşı ki, Hüseyn bəyi danışdırdıq. Sandıqda  nələr varmış nələr… Yaxın oturun və heç yerdə səslənməyən, eşitmədiyiniz mətləblərlə tanış olun:
-Hüseyn bəy, salam! Allatdin Aykaç haqqında səslənən ittihamlar nə dərəcədə doğrudur?
-Salam. Bəli, ittihamlar doğrudur.Şirkətimizdə baş direktor vəzifəsini icra edən Aykaç işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən 8 ay öncə azad olunub. Hazırda onun haqqında müvafiq ittihamlarla sənədlər toplanır və hüquq mühafizə orqanlarına yaxın günlərdə müraciət olunacaq. 
Razılaşırsız ki, uzun illər şirkətdə çalışan birinin, həm də az qala ikinci rəhbər şəxs statusu daşıyan şəxsin   birdən birə ağır ittihamlarla suçlanması gözlənilməz oldu.
Razıyam. Ancaq yarandığı gündən böyük yüksəliş tarixinə sahib şirkətimiz bəzi rəqibləri üçün əlçatmaz olduqca bizə qarşı təxribatlar da az olmayıb. Elə son dövrlərdə bizim üçün nələr demədilər? Təsəvvur edin ki, mətbuat xidməti olaraq biz faktlarla dezinformasiya olduğunu sübut edirdik amma hücumlar ara vermirdi. Düzdür, mənim şirkətdə çalışmağım qısa müddətə söykənir. Amma hər birimiz ” Palmali” nin sırasına qoşulanda onun tarixi ilə tanış oluruq və deyim ki, az qala hər bir daşımaçılıq tenderində şəriksiz qalib gözü ilə baxılan, donanmasında gəmilərinin sayı ilbəil artan ” Palmali” ni zəiflətmək üçün hər bir atılan qara niyyətli addım puça çıxdıqca bu dəfə şirkəti içərimizdən sarsıtmaq istədilər. Çox böyük  lahiyələrdə “Palmali” ni görmək istəmədilər. Bunun üçün atılan addımlar ucuz, biznes maraqlarına zidd və utandırıcı idi. Hazırda ölkə xaricində bu sahədə istənilən böyük şirkət yenə də ” Palmali” yə etibar edir. İnsan nəfsinin qurbanına çevrilə bilər amma yediyi qaba nə olur olsun tüpürməməlidir. Bu gün uzun illər  ona çörək verən,  yüksək vəzifə etibar edənləri satan, sabah hazırda sığındıqlarını satacaq. Buna kimsənin şübhəsi olmasın. Aykaçın haqqında xəbərləri bəzi  mətbuat orqanlarından  yığışdırmağa cəhdlər belə kənardan gülünc görünür. Sag olsun Azərbaycan mətbuatı ki, hadisələrə  doğru və düzgün yanaşır. 
-Alaatdin Aykaçın ” Xəzər Lənkəran” la bağlılığı sirr deyil. Səhv etmiriksə Mustafa Dənizlini Lənkərana məhz o, gətirmişdi.
-Bəli… Ondan öncə Con Toşak transferini də Aykaç həyata keçirmişdi. Bilirsiniz necədir? Yuxarıda şirkətlə bağlı danışarkən bəlkə də pafos hiss oluna bilər. Amma ” Xəzər Lənkəran”la bağlı hər hansı məsələdən danışmaq mənə çox rahatdır. Çünki, bütün hadisələr gözüm önündə baş verib. Toşakla birgə çalışmışam və deyim ki, onun hesabat verdiyi şəxs yalnız Alaatdın Akçay idi. Burada kimsə onun işinə qarışmırdı. Hətta 2013/14 mövsümünün əvvəlində Con yalnış transferlər həyata keçirəndə  belə klub rəhbərliyi məsələyə müdaxilə etmək istəmədi. Sonrası isə hamıya məlumdur.
-Belə çıxır, Aykaç qeyri rəsmi kənardan klubu idarə edib?
-Tam olaraq elə deməzdim. Klubun sahibi və prezidenti var idi. Amma biz hamımız şirkətin mövcud qaydalarına riayət edirdik. Adını çəkdiyiniz adam şirkətin baş direktoru idi və  fəxri prezident qarşısında klubu daha böyük uğurlara daşımağa söz vermişdi. Toşaka da  demişdi ki, ” yalnız  mənə hesabat ver, kimsəni eşitmə!”  Düzdür, klub prezidenti ilə Toşak arasında hər şeyə rəğmən qarşılıqlı hörmət və ehtiram vardı. Con Toşak sıradan bir mütəxəssis deyildi və hamımız onunla işləməkdən zövq alırdıq. Tam məsuliyyətimlə deyirəm ki, klub  prezidenti və ya digərləri  Conun işinə müdaxilə etmirdi. Rəhbərlik sadəcə tapşırıq vermişdi ki, ” baş məşqçinin istəklərini yerinə yetirin!” Bununla belə  Con, belə desək başı üzərində Aykaçı görürdü. Lazımi anda isə Toşak Aykaçı tapa bilmirdi.  Əslində  ortada böyük yalnışlıq vardı. Mövcud rəhbərlik nöqsanlara rəğmən 2012-ci ilə kimi böyük uğurlara imza ataraq daxili arenada mümkün bütün titullara sahiblənmişdi. Nəticələr göz önündədir- Bir çempionluq, üç dəfə ölkə kubokunun qalibi , 5 dəfə ölkə kubokunun finalçısı, ” Birlik kuboku” nun qalibi və iki  dəfə gümüş medalçı.  Belə də  Alaatdin Aykaçın birdən birə ” Xəzər Lənkəran”ı daha böyük zirvələrə daşımaq istəyi və müdaxiləsi yersiz və düşündürücü idi. Amma fakt faktlığında qalır ki, 2012-ci ildən sonra məhz onun müdaxiləsi ” Xəzər Lənkəran”ı məhvə sürüklədi.
-Məsələn?
-Ondan sonra uğursuzluqlar ard-arda gəldi. Toşakdan sonra Mustafa Dənizli komandaya baş məşqçi gətirildi. Dənizlini Alaatdin Aykaç özəl təyyarə ilə Lənkərana gətirdi. O, klubun bazası ilə tanış olandan sonra dəniz kənarında çay stolu arxasında oturduq və söhbət  zamanı Allatdin bəyin ” azərilerde sanki her kes futbolu anlıyor” kimi millətimizə istehza  ifadəsinə görə aramızda qısa da olsa kəskin dialoq  yaşandı. Bu adam klubun fəxri prezidenti, sahibi Mübariz Mənsimovun etimadını xəyanətkarcasına xərcləyirdi. Mübariz bəyin gərgin iş qrafikindən, özünün dediyi kimi futbola marağının az olmasından lazımınca istifadə edirdi. Mən müqavilənin şərtləri ilə tanış deyildim amma təqribi 3-5 milyona yaxın transferinə pul xərclənən baş məşqçi ilə biz faktiki dibə oturduq. Təsvir edin qarşısında istədiyi oyunçunu transfer etmək hüququ olan baş məşqçilər ilə biz heç nə edə bilmədik. Ümumilikdə Alaatdin Akçayın  müdaxiləsi ilə iki il ərzində klub on ilə bəs edəcək  büdcəsini xərclədi. Hələ transferlərdə nələr yaşanıb….(susur) Bu dəhşətdir…
-Maraqlıdır! Bəs,klubun sahibi  Mübariz bəy niyə müdaxilə etmirdi?
-Klubun sahibi ” Xəzər Lənkəran” üçün hər şeyin ən yaxşısını istəyirdi və edirdi. O, sadəcə klubu beynəlxalq arenada daha yaxşı çıxış etməsini arzulayırdı ki, Alaatdin Aykaç da bunu öz üzərinə götürmüşdü. Amma əvəzində nəinki beynəlxalq arenada uğurlu çıxış etdik, yerli çempionatda  belə bizi çıxışımızın sonuna gəldik.
-Transferlər dediniz.  Alaatdın bəyin transferlərə müdaxiləsi hansı səviyyədə idi?
-O vaxt xatırlayın  Gökhan Güləc adlı türk futbolçu vardı. Toşakın zamanında “türk ulduz” adı ilə onu komandaya sırıdılar. Bəli, məhz sırıdılar. Toşak kimi məşqçini bura göndərən adam sonra ona ulduz adı ilə futbolçu sırıyırdı. İnsani keyfiyyəti yüksək olan Güləc futbolçu kimi bərbad vəziyyətdə idi. Sizə deyim ki, transferinə böyük pullar sərf olunan Güləc kimi bizim əvəzedici  heyətdə 5-10 futbolçu vardı. Dənizli zamanında kluba son Dünya Çempionatında İran millisinin şərəfini qoruyan qapıçını təklif etdilər. Dənizliyə bunu dedikdə o, çox ucuz qiymətə olan həmin qapıçını yox, türk menecerlərin təklif etdiyi Tomiçi yüksək pullar müqabilində ” Xəzər Lənkəran”a cəlb etdi. Yaxud, Elias Ribeyro. Klubun meneceri Mario Souza israrla deyirdi ki, Elias formada olan futbolçu deyil. Karyerasının eniş dövrünü yaşayır. Amma Dənizli onu eşitmədi, Souzaya ” sən mənim nəticə qazanmağımı istəmirsən” damğasını vurdu və 1 milyon 350 min  civarında pula transfer olunan Eliası  demək olar alıb ehtiyatda oturtdu. Bütün bunlara Alaatdin Aykaçın nəzarətində olan menecer şəbəkəsi nəzarət edirdi. Hətta Elias özü bizə sonradan etiraf  etdi ki, ona transferində yazılan rəqəmin 1/3 i çatıb. Mənim kimsəyə yarınmaq xislətim olmayıb və tam səmimi deyirəm ki, klub prezidenti mənim yanımda  çox hörmət bəslədiyim  Toşaka, daha sonra Dənizliyə daha güclü transferlər həyata keçirməyi israrla tələbə etsə də bu baş vermədi. Çünki, klubun tədricən məhv olmasını istəyən qüvvələr vardı. Hər iki təcrübəli məşqçi isə pul üçün bura göndərilmişdi. Lazım gəlsə idi daha səviyyəli transfer alınmasında onlara kömək edib nəticə qazandırardılar.
-Etiraf edin ki, həddən artıq gözlənilməz açıqlamalardır. Davami deyəsən daha maraqlı görünür. Sizin təbirinizcə desək,bu qüvvələrin daha hansı əməlləri var ki, onu ictimaiyyət bilmir?
-Sizə bir fakt deyim. Və bu faktı gələcəkdə yazacağım kitabıma saxlasam da indi etiraf edirəm. Mustafa Dənizlidən sonra klub rəhbərliyi hərəkətə keçdi. Uğursuzluq hamını bezdirmişdi. Mais Mənsimov azarkeşlərin çox sevdiyi Mirça Redniki yenidən Lənkərana gətimək istəyirdi. Bunun üçün klubun vitse prezidenti Tuyqun Nadirov Redniklə təmasa keçdi. Artıq tarixi unutsam da həmin ərəfədə bazar ertəsi Rednik vizasını alıb ölkəmizə gəlməli idi. Cümə günü  mənə zəng olundu ki, Rednikin qarşılanması üçün lazım olan tədbirlər planını tərtib edim. Hətta ölkənin aparıcı idman saytı içərimizdə olan dostlarının məlumatı əsasında ” Rednik ” Xəzər Lənkəran” da” xəbərini də yaydı. Amma iki gün sonra yerli futbol qurumlarında bizi istəməyən insanların məhz Akçay kimilərlə birgə hərəkəti sonu Rednikin ikinci gəlişi baş tutmadı. Güclü ” Xəzər Lənkəran” ı görmək istəməyənlər vardı. 
-Kimlər idi bu qüvvələr Hüseyn bəy?
-Bu gün faktiki olaraq biri üzə çıxıb. Mən futbol sahəsində bildiklərimi dedim.  Alaatdin Akçay ” Xəzər Lənkəran”ı məhv olunmasını istəyən birinci adamdır və bunu canlı olaraq zamanla yaşamışam, görmüşəm, hiss etmişəm.Aydın məsələdir ki, bunu yerli futbol qurumlarından kimlərinsə sifarişi və dəstəyi ilə həyata keçirib. Çünki, faktiki olaraq klub rəhbərlyi ölkədəki vahid transfer bazarına nəzarət edən insanlarla iş birliyindən imtina edib sərbəst formada bir başa futbolçularla təmasa keçərək oyunçu alırdı. Mirça Rednikə ona görə ” ölkədən qovun” təzyiqi var idi ki, o, özü futbolçu alırdı və şəxsi meneceri vardı. Bütün bunlar gözlə görünməyən gizli ” vahid transfer bazarı”na ciddi zərbə idi. Çünki, o vaxt ən çox transfer edən klub ” Xəzər Lənkəran” idi. Biz nə vaxt ayağa durmaq istəyəndə süni əngəllər ortaya çıxırdı. Kluba sponsor tərəfindən maaşların gecikməsi heç vaxt olmamışdı. Amma son vaxtlar bu hal yaşanırdı  və nəticədə son dönəmlərdə bir neçə futbolçu maaş gecikməsi səbəbindən bizdən ali quruma şikayət etdi.  Son araşdırmalardan sonra aydın olub ki, klubun vəziyyəti, maaşların nə səbəbdənsə gecikməsi və lazımi müdaxilələr barədə tədbirlər planı klubun fəxri prezidentinə vaxtında və düzgün təqdim olunmayıb. 
Biz elə Babək Quliyevi də belə itirdik…
-Necə? Doğurdan Babək Quliyevin təyinatı nə qədər gözlənilməz idisə, onun istefaya göndərilməsi də ictimaiyyət üçün qaranlıq qaldı.
-Babək Quliyevi idman direktoru təyin etməklə ” Xəzər Lənkəran” nə qədər azad klub olduğunu isbat etdi. Babək müəllimlə çalışmaq həqiqətən maraqlı idi və Quliyev ürəklə işinə yanaşırdı. Amma klubun məhz futbol qurumlarında olan dirnaqarası dostları Quliyev barədə yalnış, iftira dolu məlumatları baş ofisə çatdırıb onun istefasını istədilər.Şərt qoydular ki, o,  mütləq işindən azad olunmalıdır. Yoxsa guya ölkə futbolunun imici zədələnirdi.
-Yaxşı, bundan sonra necə olacaq? Hamını düşündürən sual- ” Xəzər Lənkəran” qayıdacaqmı?
-Hazırda ” Palmali” Şirkətlər Qrupu gündən günə böyüyür. İçərimizdən birilərinin satın alınması belə bu böyük şirkəti getdiyi yolda dayandıra bilməz. Dünyaca ünlü ” Clarksons” amerikan analitik şirkətinin son hesabatında ” Palmali” ni dünyanın 3500 şirkəti arasında ən böyük 10 gəmi daşımaçılıq şirkəti sırasına daxil etməsi  buna sübutdur. Adıçəkilən şirkətin  London Fond Birjasının FTSE 250 indeksində uzun müddət yer alması  ciddi nüfuzunun göstəricisidir. Onlar hesabat zamanı uzun və dərin araşdırmalara  söykənirlər. Bu mənada qardaş ölkə Türkiyənin tarixində ilk kəs bir türk daşımaçılıq şirkəti  bu uğura sahib çıxır. Ona görə də məşhur ” Clarksons” şirkətinin hesabatına Türkiyə mediası ilə yanaşı Rusiya mediası da  çox geniş yer verdi.  Şirkətimizin sahibi Mübariz Mənsimovun məşhur- Harada şəffaflıq varsa orada ” Palmali” var! “deyimi var.  İnşallah, şəffaf bir şəraitdə  ” Xəzər Lənkəran” da geri dönər. 
Sport7.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43