Müsahibə

“Xəzər Lənkəran”ın aparıcı futbolçusu: “Gedənin dalınca danışmazlar” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın futbolçusu Rəşad Sadiqov “Qəbələ” üzərindəki (3:0) qələbədən sonra idmanxeber.com-a müsahibə verib. 

“Bu oyuna tam gücümüzlə hazırlamışdıq. Ötən tur istirahət etdiyimizdən demək olar ki, xeyli vaxtımız var idi ki, “Qəbələ” ilə oyuna hazırlaşaq. Düşünürəm ki, yaxşı oyun oynadıq və layiqli qələbə qazandıq”.

– Bundan öncəki oyunlarda komanda nəticə qazana bilmirdi. Bu dəfə necə oldu?

Futbolda bəxt amili yaxşı şeydi. “Neftçi” ilə keçirdiyimiz oyunda son saniyələrdə qol buraxdıq. Bunun kimi digər oyunlarda da yaxşı oynayan tərəf biz olsaq da, qələbə qazana bilmirdik. Bu dəfə isə qollar tez və ardıcıl gəldi.

– “Qəbələ” ilə oyunda qol buraxmadan 3 xal qazandınız. Müdafiə xətti uzun müddətdir ki, belə etibarlı çıxış etmirdi…

Bu iki həftədə məşqçilərimiz xüsusi tapşırıqlar verdilər və nəticəsini gördük.

– “Araz Naxçıvan”la oyununuzun olmaması sizə nə dərəcədə kömək etdi?

İki həftəlik ara bəlkə də bəzi futbolçuların oyun praktikasının olmamasına gətirib çıxarda. Ancaq bu arada biz də əvəzedici komandamızla yoxlama oyunu keçirdik. Mənə elə gəlir ki, bu istirahət bizim “Qəbələ” ilə oyuna yaxşı hazırlaşmağımıza kömək etdi.

– Millimizin yeni baş məşqçisi Prosineçki də oyunu canlı izləyənlər arasında idi. Foqts dönəmində milliyə dəvət almırdın. Prosineçkinin matçı canlı izləməsi sənə əlavə stimul verdi, yoxsa…?

Açığı hər bir futbolçunun arzusudu millidə oynamaq. Mən də milli də çıxış etmək istəyirəm. Gedənin dalınca danışmazlar. Ancaq Foqts məni çağırmırdı milliyə. O, daha çox müdafiəyə meyilli futbolçuları çağırırdı. Ancaq indi durum başqadı. İnanıram ki, yenidən milliyə dəvət alaram və canla-başla çıxış edərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43