Müsahibə

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Hər şey yazda keçiriləcək iclasda qəbul edilən qərardan aslıdır” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ağadadaş Həmidovun idmanxeber.com saytına müsahibəsi.

– Bildiyimiz kimi “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında yalnız 3 komanda fəaliyyət göstərir – U-13, U-14 və U-17. Bu üç komandanın hazırkı durumu nə yerdədir?

– U-13 və U-14 komandalarımız hazırda cənub regionu üzrə keçirilən çempionatda iştirak edir. U-17 isə Respublika üzrə keçirilən liqada çıxış edir. Əsas komanda dağıldıqdan sonra bizim 1998, 1999 və 2000-ci il təvəllüdlü bir çox yetirmələrimiz digər klublara üz tutdu. Biz də məcbur olduq aşağı yaş qruplarındakı uşaqları U-17-yə çağırıb çempionatda iştirak etmək üçün heyəti qurduq. Çempionatın birinci dövrəsinin ilk 4 oyununda komandamız məğlub olmadı. Ancaq sonradan vəziyyət bir az dəyişdi. Buna səbəb qapıçımızın millinin toplanışına çağırılması idi. Biz də məcbur olub 2002-ci il təvəllüdlü uşağı heyətə dəvət etdik. Bundan əlavə, heyətimizdə 2002-ci il təvəllüdlü uşaqlar çoxluq təşkil edir. Onların 17 yaşlılarla oynamağa o qədər də gücü çatmır. İstedadlıdırlar, amma fiziki cəhətdən rəqibdən geri qalırlar. “İnter”ə öz meydanımızda uduzduqdan sonra onları psixoloji cəhətdən hazırlamaqda çətinlik çəkirik. İndi ikinci dövrə üçün hazırlaşırıq, məşqlərimiz yaxşı gedir.

– Komanda hazırda 9-cu pillədə qərarlaşıb. Çempionat sonunda medalçılar sırasında düşmək şansınız varmı?

– Sözün açığı, medalçılar sırasına düşməyimiz çətin görünür, amma çalışacağıq ki, bacardığımız qədər yüksək pillələrdə qərarlaşaq. Bizim əsas məqsədimizdən biri də futbolçularımızı inkişaf etdirib milli komandada oynamaq səviyyəsinə çatdırmaqdır.

– “Xəzər Lənkəran”ın əsas komandası bərpa olunduqdan sonra U-17-dən əsas komandada çıxış etmək gücündə olan futbolçular varmı?

– Düzü, aşağı yaş qruplarımızda istedadlı uşaqlar həqiqətən də çoxdur. Hazırda U-17-də çıxış edən futbolçuların çoxu bir neçə il sonra ya “Xəzər Lənkəran”da, ya da digər klubların əsas heyətlərində çıxış etmək gücündə olacaqlar. Bir çox valideynlər bizdən soruşurlar ki, uşaqlarımızın 17 yaşı tamam olduqdan sonra nə olacaq, harda oynayacaq? Biz onları aldada bimərik. Hamımız gözləyirik. Onlara da demişik ki,  rəhbərlik, çox güman ki, bu il komandanı bərpa edəcək. Buna hamımız ümid edirik.

– Komanda son dövrlərdə maliyyə çətinlikləri ilə üzləşirdi. Hazırda durum necədir? Akademiyada maliyyə ilə bağlı çətinliklər varmı?

– Bu barədə bizə çox suallar veririlir. Hazırda bizim maliyyə ilə bağlı problemimiz yoxdur. Bu yaxınlarda UEFA da uşaq futboluna və milli komandalarda çıxış edən futbolçulara görə bizə müəyyən məbləğ ödədi. Onu da qeyd edim ki, indiyədək aşağı yaş qruplarımızda çıxış edən futbolçulara hansı geyimlər və ya digər lazımi ləvazimatlar verilirdisə, indi də həmin ləvazimatlar eyni qaydada verilir. Bununla bağlı da heç bir problemimiz olmayıb. Əsas komanda fəaliyyətini dayandırdıqdan sonra da klubun əsas avtobusu bizə verilib. Bu səbəbdən gediş gəlişimizdə heç bir problem yaşanmır. idmanxeber.comƏvvələr klub digər rayonlardan uşaqların gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar  ayırmışdı, lakin indi həmin avtobuslar yoxdur, bu səbəbdən biz yalnız lənkəranlı uşaqlarla hazırlaşırıq. Həmin uşaq üçün də hər bir şəraiti yaratmışıq. Stadionun əsas meydançasından tutmuş trenajor zalına qədər hər şey futbolçularımızın ixtiyarına verilib.

– Stadionun ot örtüyü o qədər də ürəkaçan vəziyyətdə deyil. Bu, sizin üçün çətinliklər yaradırmı?

– Stadionun ot örtüyü hər il qış aylarında hava şəraitinə görə korlanır. Mart ayından sonra ot örtüyü yenidən yaşıllaşmağa başlayır. Hələ ki, oynamağımıza ciddi maneə törətmir. Hər şey yazda keçiriləcək iclasda qəbul edilən qərardan aslıdır. Əgər iclasda stadionun təmir edilməsi ilə bağlı qərar qəbul olunsa ot örtüyü yenilənəcək. Bir neçə həftə öncə bazada istilik sistemi də yeniləndi. Hələ ki, gözləmək lazımdır.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43