26 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu “vor zakon”lardan kömək istəyəcək?

“Xəzər Lənkəran”ın 5 futbolçusunu heyətdən kənarlaşdırmasından məlumatlısınız.

İdmanxeber.com-un məlumatına görə, klubla futbolçular arasında yaranmış maaş problemi hələ də həllini tapmayıb. “Qiyamçılar”dan ikisi – Elvin Mirzəyevlə Kazım Kazımlı heyətdən uzaqlaşdırılıb. Elnur Cəfərov, Elşən Rzazadə və Kamran Abdullazadə transferə çıxarılıb. Hazırda Elnur Cəfərov və Kamran Abdullazadə U-21-in heyətində Antalyaya yollanıb. Digərləri isə başqa klublarla danışıqlar aparmaqla yanaşı, Lənkəran təmsilçisindən alacaqları pulu gözləyirlər.

Məlum məsələdi ki, əcnəbilərdən fərqli olaraq, yerlilərin klubla problemlərini beynəlxalq futbol qurumları yox, AFFA həll etməlidir. Amma futbolçular AFFA-ya müraciət etməyə tələsmirlər. “Qiyamçılar”dan biri Kazım Kazımlı isə “Futbol+”ə müsahibəsində maraqlı fikirlər səsləndirib. Onun sözlərindən belə başa düşülür ki, Kazım pulunu almaqdan ötrü kriminal aləmdə “vor zakon” kimi tanınan şəxslərə (qanuni oğrular) müraciət etməyə hazırlaşır.

Sözügüdən müsahibənin həmin hissəsini sizə təqdim edirik. Oxuyun, futbolçunun kimləri nəzərdə tutduğuna özünüz qərar verin:

– AFFA-ya müraciət etmək fikriniz yoxdu?

– Vəziyyət o qədər də pis deyil ki, gedib AFFA-ya şikayət edim. Hələ ki gözləyirəm. Mən “Xəzər Lənkəran” rəhbərliyinin fikrini öyrənəcəm. Görüm nə deyirlər? Alınmasa, nəinki AFFA-ya, müəyyən adamlara da bunu çatdırmaq lazımdı.

– Konkret kimləri nəzərdə tutursan?

– O adamları ki, haqqa görə yaşayıb, haqqa görə də ölməyə hazırdılar. Onlara da demək olar ki, bizim haqqımız yeyilib.

Sitatın sonu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43