21 Fevral 2024
Ölkə futbolu

XL rəhbərliyinin nəzərinə: Dənizliyə “Sehirli xalat” alın – ATMACA

Dünən gecə sizə "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin Azərbaycanda bir ilkə imza ataraq verdiyi anormal qərarla tanış edib, fotolarını təqdim etmişdik. Milyonlar qarşılığında Lənkəran klubuna böyük ümidlərlə gətirilən, lakin öncə çempionat, daha sonra isə kubokda istənilən nəticəni qazana bilməyərək, klubun avrokuboklardan kənar qalmasında böyük pay sahibi olan Mustafa Dənizli üçün Lənkəran səhifəsi qapanmaq üzrədi. Əlqərəz Dənizlinin həyat yoldaşının və özünün israrı ilə türkiyəli Azərbaycanı tərk etməkdə israrlıdı və bu israrını hələ də sürdürür.

İsrar etmək, işindən razı qalmamaq yaxşı haldı. Hətta ola bilər sənə yaradılan şərait və ya işinə müdaxilə varsa getmək peşəkarlıqdan yanadı. Lakin Dənizlinin qarınağrısı başqadı. Nə işinə müdaxilə edən var, nə də hər istədiyinə "yox" deyən. Dənizli üçün hər şey var, klub üçün heç nə yox. 

Dünənki xəbərdə türk çalışdırıcının rəhbərlikdən futbolçuların "razdevalkada" yemək yemələri ilə bağlı xahişi, istəyi və ya əmri qeyd etmişdik. Və maraqlıdı, heç kimə bu qədər imkan yaratmayan rəhbərlik bunu da etdi. Etdi ki, nəticə olmayanda bəhanə olmasın, etdilər ki, "şu meselede bana yardımcı olmadız" – kimi başaldatmalar, fikiryayındırmalar, türk tərəfindən dilə gətirilməsin. Hətta futbolçuların transferini birbaşa özü reallaşdıran, özü seçən, öz istəyi ilə komandaya cəlb edən Dənizli XL-i tarixə bu tip anormal qərarlarlamı keçirmək istəyir? 

Dənizli görəsən rəhbərlikdən başqa nə istəyir? Misal üçün təyyarə məsələsini də Dənizli qabartmışdı. Necə qabartdısa səhəri günü klub Qəbələ səfərində darmadağın oldu. İndi görəsən yeni planlar nədi? Bəlkə XL rəhbərliyi bir sehrli xalat alsın?

Alsınlar və "ayrabani-ayrabani çandirika, kintabani-kintabani işvara" – deyərək, səfər matçlarına yol qət etmədən, bir neçə saniyəyə istədiyiniz məkanda olun. Necə məsləhətdi hocam?

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43