30 Yanvar 2025
İdman

“Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik”

“Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik”

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov səfərdə Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qrupun favoritinə qarşı mübarizə aparacaqlarını bildirib:

“Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək. Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da seçilirlər. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupun favoritinə qarşı oynayacağıq”.

T.Mikayılov yaxşı kollektivlərinin olduğunu vurğulayıb:

“Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənc futzalçıların vəhdətindən formalaşıb. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi rəqibi təhlil edib, zəif və güclü tərəflərini deyəcək”.

Qeyd edək ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43