25 Noyabr 2024
Ölkə futbolu

Yusif İmanov: “Qara zolaq”da olduğumuzu düşünmürəm”

“Sabah”ın qapıçısı Yusif İmanov İdmanxeber.az saytına müsahibə verib. O, “Turan Tovuz” görüşündən (1:1) və  komandasının son donəmlərdəki uğursuz çıxışından danışın.

– “Turan Tovuz” oyununda qələbə üçün nə çatmadı?

Çox maraqlı görüş idi. İki tərəf üçün də yüksək tepmdə qarşılaşma oldu. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Təəssüf ki, epizodlardan istifadə edə bilmədik və qələbəni əldən verdik. Biz hər matç qələbə üçün meydana çıxırıq. Oyunumuz heç-heçəyə layiq deyildi. Çünki 3 xal üçün gəlmişdik. İkinci hissə daha yaxşı oynadıq. Amma Tovuz bütün komandalar üçün çətin səfərdi. 

– “Sabah” cari mövsüm gözlənilən kimi çıxış etmir. Komanda 7 oyundu qələbə qazana bilmir. Bunun səbəbləri nədi?

Məncə, faciəvi bir şey yoxdu. Rəqiblərlə xal fərqimiz böyük deyil. Onlara çata bilərik. Ötən mövsüm də eyni durum idi. Amma ardıcıl qələbələrlə avrokuboklara vəsiqə qazandıq. İnanıram ki, vəziyyətdən çıxacağıq. “Qara zolaq”da olduğumuzu düşünmürəm. Bunlar hər komandanın başına gələ biləcək şeylərdi. Qarşıda oyunlar çoxdu. Yenə qələbələr gələcək. 

– Artıq baş məşqçi Krunoslar Renduliçinin istefaya göndəriləcəyi xəbərlər dolaşır. Bunlar komandaya necə təsir edir?

Belə şeylərə qarışmıram. Nəsə deməyim doğru olmaz. Mənim məşqçilər heyəti ilə aram çox yaxşıdı. Nə vaxt güvənib, şans versələr oynamağa hazıram. Əlimdən gələni edirəm. Ağlımda başqa heç nə yoxdu.

– “Sabah”n əsas qapıçısı kimdi?

Məşqçi kimi istəyirsə, o. 

– Yəni hər komandada satbil çıxış edən əsas qapıçı olur. Amma sizdə fərqlidi. Davamlı oynamamaq sizin performansınıza mənfi təsir etmir?

Bütün futbolçular oynamaq istəyir. Xüsusilə də qapıçı mövqeyində davamlı meydanda olmağı arzulayırsan. Amma Nicat Mehbalıyevin də, mənim də oynamağım ikimiz üçün xeyirdi. Nicatla da yaxşı münasibətim var. Bir-birimizlə rəqabətdəyik. Mənim üçün problem yoxdu. Məşqçi kimi seçirsə, o da meydanda olur. 

– Milli komandanın son oyunlarında yığmaya dəvət almamışdın…

Həmişə yığmada olmaq istəyirəm. Bütün futbolçuların istəyi belə olur. Yenidən dəvət ediləcəyimə inanıram. 

İsveç oyununda öz-özünə “yaxşı ki, çağrılmamışam” dedin?

Yox, qətiyyyən. Əsla belə düşünmərəm. Nə vaxt dəvət alsam, canla-başla oynamağa hazıram.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43