09 Fevral 2023
  • Ana səhifə
  • Müsahibə
  • “Zəif olsaydıq, “Sabah” kimi klubu keçməzdik” – “Səbail”in futbolçusu
Müsahibə Ölkə futbolu

“Zəif olsaydıq, “Sabah” kimi klubu keçməzdik” – “Səbail”in futbolçusu

“Səbail”in futbolçusu Turan Manafovun idmanxeber.az saytına müsahibəsi

-Təlim-məşq toplanışını necə dəyərləndirirsən?

“Çox əla keçdi. Məşqlər də, oyunlar da çox yaxşı idi. Özümüzdən üstün səviyyəli çempionatın komandaları ilə oynadıq. Təəssüf ki, xəstəlik bir az problem yaratdı. Yüz faiz olmasa da, 80-90 faiz yaxşı keçdi demək olar. Məşqçilər heyəti də razı qaldı. Hər şey qaydasındadır.

-Yoxlama oyunlarında qələbə qazana bilmədiniz. Səbəb nədir, rəqiblər çox güclü idi?

-Qələbə olmasa da, oyunlar istədiyimiz kimi keçdi. Çox qol vura bilməsək də, belə görüşlərdə nəticəyə önəm verilmir. Əsas odur ki, ağlımızdakıları həyata keçirməliyik. Burada hazırlığa, verilən tapşırıqlara daha çox önəm verilir. Düzdür, qələbə əladır. Hamı hər zaman udmaq istəyir. Rəqiblərimiz də asan klublar deyildi. Komandalar bizdən üstün idilər. Amma yenə də bir oyunda məğlub olduq. Əslində oyun baxımından uduzmamışdıq. Sadəcə rəqibin bir imkanı oldu, onu da qola çevirdilər. “Legiya” ilə heç-heçə etdik. Hesabda öndə idik, son dəqiqələrdə qol buraxdıq. “Legiya”nı da hamı tanıyır. Polşanın üç əsas klubu varsa, birincisi bəlkə də elə onlardır. Yoxlama oyunlarında qələbə olmadı. Yəqin ki, çempionatda gələr qələbələr.

-Səncə, “Səbail” çempionata hazırdır? Bu heyətlə nə etmək olar?

-Əlbbətə, hazırıq. Çempionat oyunlarını gözləyirik. “Səbail”in sonuncu sırada olması heç kimə xoş deyil. Yaxşı hazırlıq keçmişik, ümid edirəm bunun faydasını görəcəyik. Hazırkı yerimiz bizə yaraşmır. Heyət məsələsinə gəlincə, bizdə kifayət qədər yaxşı futbolçular var. Bəzi oyunlarımız alınmasa da, yenə də zəif deyilik. Zəif olsaydıq, kubokda “Sabah” kimi maddi baxımından üstün klubu keçməzdik. Fasilədən sonrakı ilk oyunda gücümüzü göstərməyə çalışacağıq.

-Mətbuatda “Səbail”dən göndəriləcəyin barədə xəbərlər dolaşırdı…

-Bir gün yuxudan durub gördüm ki, haqqımda belə bir şey yazıblar. Oxuduqdan sonra açığı çox güldüm. Mənim “Səbail”lə müqaviləm var, hələ də davam edir. Necə ayrıla bilərəm ki? Həmin xəbərdən bir gün öncə rəhbərlik bizimlə görüşmüşdü. Bizə güvəndiklərini, dəstəklərini bildirmişdilər. Sonra isə mətbuatda belə xəbərlər çıxdı. Bu iddialar həqiqətin yanından belə keçmir. Həmişə sözləşməm bitməmiş klub özü yeniləmə təklif edib. Bu xəbərlər kimlərinsə uydurmasıdır. Hər deyilənə inanmaq olmaz.

-Sabiq baş məşqçi Mahmud Qurbanov sənə çox şans vermirdi. Aranızda nəsə problem var idi?

-Bu sualı mənə çox verirlər. Mənim onunla heç bir problemim yoxdur. Bu sual Mahmud Qurbanova verilməlidir. Onun yerinə cavab verə bilmərəm. Özü cavablasa, daha yaxşıdır. Amma inanmıram ki, şəxsimlə bir qərəzi olsun. Heç vaxt mənimlə probleminin olub-olmamasını soruşmamışam. Ancaq özüm tərəfdən heç bir məsələ yox idi, hər şey qaydasında idi.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43