Müsahibə

Zaur Svanadze: “Bu sirri özümüz üçün saxlasaq, yaxşı olar”

Azərbaycan Premyer Liqasında 20-ci turun son matçında “Qarabağ” doğma meydanda “İnter”i qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma qonaqların 1 – 0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

– Öncə cəbhədə həlak olmuş hərbiçilərlə bağlı Azərbaycan xalqına baş sağlığı veririəm. Oyuna gəlincə, komandamdan razı qaldım. Yaxşı hücumlar qurduq, müdafiədə səhvsiz oynadıq. Bizim üçün çətin oyun oldu. Qarşıda daha bir çətin oyun bizi gözləyir. 3 xal bizim üçün çox vacib idi. Sevinirəm ki, qələbə qazandıq.

– Bir neçə gün öncə mətbuatda “İnter” futbolçularının maaş almayacağı təqdirdə “Qarabağ”la matça çıxmayacağı deyilirdi. Amma oyuna çıxdız və qələbə qazandız. Bu söhbətlər həqiqətə uyğundu?

– Xeyr. Heç nə olmamışdı. Belə şeylər bizə ziyandı. Martın 10-u maaş veriləcək. Bizdə heç bir problem yoxdu.

– “Qarabağ”a qalib gəlməyin resseptini verə bilərsiz?

– Bu sirri özümüz üçün saxlasaq, yaxşı olar (gülür).

– Adrian Skarlatake demişdi ki, “Qəbələ” ilə oyunadək maaşlar veriləcək. Siz isə indi dediz ki, məvaciblər martın 10-u olacaq. Bu problem yaratmayacaq?

– Birinci bizə demişdilər ayın 28-nə kimi veriləcək, amma olmadı. Sonra dedilər ki, oyunadək. Amma maaşlar dəqiq veriləcək. Mən buna əminəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43