“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərovun idmanxeber.az saytına müsahibəsi
-Son oyunda “Sabah”a qarşı dramatik məğlubiyyət aldınız. Səncə, niyə xal qazana bilmədiniz?
-Çətin matç olacağı bəlli idi. Yaxşı da hazırlaşmışdıq. Məncə, pis mübarizə aparmadıq. Ancaq oyunun sonlarında üstünlüyümüzü qoruya bilmədik. Ən azından bir xal qazanmağa layiq idik. Nə edəsən ki, futbolda belə hallar olur. Artıq qarşıdakı görüşlərə köklənmişik.
-Qarşıda evdə “Zirə” ilə final kimi matçınız var…
-Həqiqətən də çox vacib oyun bizi gözləyir. “Zirə” ilə mövsümün oyununa çıxacağıq. Öz meydanımızda qələbə qazanmaq istəyirik.
–“Sabah”la görüşdə fərqlənməyə bacardın. Bu oyunda da bacara biləcən?
-İnşallah, yenə fərqlənmək niyyətim var. Ehtiyatda olanda da, əsas heyətdə meydana çıxanda da yalnız komandaya faydalı olmaq barədə düşünürəm. İstəyirəm ki, qol vurum və ya assit edim. Mənim işim şanslardan maksimum yararlanmaqdır.
-Mövsümə nəzər yetirsək, pis çıxış etmirsən. Canni De Byazidən milliyə dəvət gözləyirdin?
-Həmişə gözləyirəm. Düşünürəm ki, millinin qapısı bütün futbolçulara açıqdır. Mən də yığmanın formasını geyinib, orada da qollar vurmaq istəyirəm.
-Mövsüm yekunlaşmaq üzrədir. “Qəbələ”dən ayrılacan?
-Açığı, hələlik bu barədə düşünmürəm. Bütün fikrimi qarşıdakı oyunlara yönəltmişəm. Amma mövsüm sonu təklifləri dəyərləndirəcəm.
Həsən Quluzadə