Müsahibə Ölkə futbolu

“Zirə”nin qapıçısı komandanı iki-üç real qoldan qurtardı” – “Turan Tovuz”un kapitanı

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin idmanxeber.az saytına müsahibəsi

-Son turda “Zirə”yə məğlub oldunuz. Xal qazanmaq üçün nə çatmadı?

-“Zirə” ilə oyuna pis başlamamışdıq. Standart vəziyətdən adi epizoddan qol buraxdıq. Sonradan toparlana bildik, şanslarımız da oldu. Rəqibin qapıçısı komandasını iki-üç real qoldan qurtardı. Bəlkə bir qol vursaydıq, oyun başqa cür olardı. Görüşün nəticəsi oyuna görə deyildi. İkinci hissə xüsusi ilə yaxşı çıxış etmişdik. Rəqibin elə də ciddi imkanları olmadı. Sadəcə standart vəziyyətlədən sonra fərqlənə bildilər.

-“Sabah”a səfərdə qalib gəldikdən sonra sanki bir az arxayın çıxmışdınız meydana…

-Deməzdim. “Zirə” bizdən öndədir. Üstəlik evdə oynadığımız matçlardan xalla ayrılmaq istəyirik. Çalışırdıq ki, bu oyundan ən azı bir xal qazanaq. Ən azından doğma meydanda fərqli çıxış etmək lazımdır. “Zirə” çempionatda 4-cü yerdədir. Çətin oyun olacağını gözləyirdik. O şansları verməməliydik. Nəzərə alaq ki, rəqiblər də bizim oyunları analiz edirlər. Onlar da necə çıxış edəcəyimizi bilirlər. Amma yenə də iki-üç real imkanımız oldu.

-Yəqin ki, avrokuboklara qatılmamağı uğursuzluq hesab etmirsiniz..

-İlk gündən komanda yığılandan bizim qarşımıza elə bir məqsəd qoyulmayıb. Ancaq hər oyun daha yaxşı çıxış etməliyik. Mümkün qədər xallar qazanmaq istəyirik. Düzdür, bu oyunda xal alsaydıq, 4-cü pilləyə bir qədər də yaxınlaşardıq. Hamımız avrokuboklarda çıxış etmək istəyirik. Qarşıda kubok görüşü də var. Finala çıxmağı hədəfləyirik. Sırf avrokubok məqsədinin olmaması rahatçılıq anlamına gəlmir. Hələ qarşıda çox oyunlar var. Ən azı hazırkı mövqeyimizi qorumalıyıq.

-“Neftçi” ilə kubok oyununda nəyə ümid etmək olar?

-Açığı, bu matç barədə indidən danışmaq çox tezdir. Təki itkilərimiz olmasın. Amma hazırda çempionat oyunlarına daha çox maraq göstəririk. Olduğumuz mövqe elədir ki, 2-3 oyun uduzan kimi yenidən təhlükəli yerlərə geriləyə bilərik. Hələ kubok oyunu barədə düşünmürük. Əsas məqsəd çempionat görüşlərində xal qazanmaqdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43