Topaz Premyer Liqasının debütantı “Zirə” ardıcıl 4-cü qələbəsini qazanıb.
İdmanxeber.com-un məlumatına görə, 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib.
Evdə keçirdiyi XIX turda “İnter”i, XXI turda “Rəvan”ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib.
XX turda “Sumqayıt”ı bu hesabla məğlub edən zirəlilər bu dəfə “Xəzər Lənkəran”ın meydanında 3 xalı 2 cavabsız qola əldə edib. Çempionatın I dövrəsində – V-VII turlarda 3 qələbədən ibarət seriyası olan “Zirə” özünün yeni rekordunu müəyyənləşdirib. Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə “Qarabağ” (II-V və X-XIII turlarda), hərəyə bir dəfə “Qəbələ” (V-VIII turlar) və AZAL (XVI-XIX turlar) belə seriyaya imza atmışdı. XXIII turda “Neftçi”ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək. (PFL.az)