İdman

Əmisinin köməkliyi ilə “Kəpəz”dən ayrılıb, “Qarabağ”a transfer olundu – ÖZƏL

Şahin Diniyevin “Kəpəz”də baş məşqçi çalışdığı müddətdə əvəzedici heyətdən əsas komandaya cəlb olunan Fərid Məmmədov Gəncə klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Yunis Hüseynovun “sarı göylər”ə baş məşqçi təyin olunmasından sonra gəldiyi yerə – “dubl”a göndərilən Məmmədovun qərb təmsilçisində qalması məqsədəuyğun hesab olunmayıb. Daha doğrusu, bunu “Kəpəz”in əvəzedici komandasının sabiq çalışdırıcısı, 18 yaşlı futbolçulardan ibarət yığmanın hazırkı məşqçisi Azər Məmmədov istəməyib. Öz qardaşı oğlu olan Fərid Məmmədovun “Kəpəz”də işinin qalmadığını bildirən Məmmədov, əməkdaşımızla söhbətində ona yeni klub tapdığını bildirib: “Hər məşqçinin öz oyun üslubu var. Yunis Hüseynov gələndən sonra Fəridi əsas komandada istəmədi. Mən də öz təcrübəmə görə düşündüm ki, bir futbolçu əsas komandadan yenə əvəzediciyə qaytarılırsa, yenidən geri dönüşü çox çətindi. Onun üçün ən xeyirlisi “Kəpəz”dən ayrılmaq idi. Sağolsunlar, köməklik göstərdilər, o artıq “Qarabağ”ın “dubl”unda çıxış edəcək”.

Azər Məmmədov “Fərid öz istəyi ilə “Kəpəz”dən ayrıldı?” sualını isə belə cavablandırdı: “Açığı, o hələ belə şeyləri tam dərk etmir. Uşaq olmasa da, yaşı mənim qədər deyil ki. Mən oturdum, atası ilə yəni qardaşımla söbət etdim. Dedim ki, başqa kluba getsə, irəli getmə ehtimalı daha yüksəkdi. Təbii ki, öz oyunundan çox şey asılı olacaq”.

Qeyd edək ki, Fərid Məmmədov cari mösüm “Kəpəz”in heyətində bəzi matçlarda start heyətində meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43