Kateqoriyasız

490 günlük həsrət “Bakcell Arena”da bitdi

“Sumqayıt” cari mövsümdə Topaz Premyer Liqasında ilk səfər qələbəsini qazanıb. 

İdmanxeber.com-un məlumatına görə, XXXI turun “Neftçi” ilə “Bakcell Arena”dakı qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn Aqil Məmmədovun yetirmələri rəqib meydanında əvvəlki 14 matçdan heç birində 3 xal əldə etməmişdi. Bu görüşlərdə 5 heç-heçə və 9 məğlubiyyəti olan komanda 9 qol vurmuş, 29-nu buraxmışdı.

Sumqayıtlılar sonuncu dəfə rəqib meydanında 2012-ci il dekabrın 16-da qalib gəlmişdi. Həmin vaxt “Rəvan”ı məğlub edən komanda 2012/13 mövsümünün sonrakı 8 səfər oyununda bu uğuru təkrarlaya bilməmişdi. 490 gün sonra rəqib meydanında sevinən sumqayıtlılar 22 matçlıq həsrətə son qoydu.

Qeyd edək ki, rəqib meydanlarında 22 qələbəsiz oyun Azərbaycan çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. MOİK 35 qələbəsiz səfərlə milli çempionatların antirekordçusudur. Neftçala “Pambıqçı”sı 29, Qusar “Şahdağ”ı 27, “Qarabağ” 24, “Turan” 22 matçlıq səfər qələbəsizliyi yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43