UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Sabah” səfərdə İsrailin “Makkabi” klunu ilə qarşılaşacaq.
“Bayquşlar” Macarıstandakı matçda dəstəksiz qalmayacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a açıqlamasında bu oyun üçün azarkeşlərlə bağlı işin davam etdiyini bildirib:
“Oyun Kişvarda şəhərindəki “Varkert” stadionunda olacaq. Stadionun tamaşaçı tutumu cəmi 2700 yerlikdir. UEFA-nın qaydalarına əsasən, qonaq komanda üçün stadionun ümumi tutumunun 5 faizi miqdarında yer ayrılmalıdır. “Makkabi” ilə səfər matçında da bizim üçün təxminən 140 yer ayrılacaq. Rəsmi səhifələrimiz vasitəsilə Avropada yaşayan həmvətənlərimizə müraciət etmişik. Oyunu stadiondan izləmək istəyənlərə Budapeştdən Kişvardaya gediş-dönüş üçün avtobuslar təşkil ediləcək, həmçinin bilet veriləcək. Son məlumatlara görə 30-a yaxın şəxs sosial şəbəkə hesablarımızda qeydiyyatdan keçib”.