21 Dekabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçular üçün Türkiyə qapısı bağlanır: “Belə getsə, vətənə qayıdacağıq”

Türkiyənin Bal Liqasında top qovan azərbaycanlı futbolçular yenidən vətənə qayıda bilər. Belə ki, Türkiyə Futbol Federasiyasının yeni qəbul edəcəyi qərara əsasən sözügedən liqada legioner limitinin ləğv ediləcəyi bildirilir. Federasiya rəhbərliyi əgər belə bir qərar qəbul etsə, azərbaycanlı futbolçular üçün legioner həyatı yaşaya biləcəyi yeganə açıq qapı da bağlanacaq.

Məsələyə aydınlıq gətirmək üçün vaxtı ilə “Turan” komandasının şərəfini qorumuş Səbayıl Bağırovla əlaqə saxladıq. Diyarbakırın “Diyarbakır Yolspor” klubunda çıxış edən futbolçu İdmanxeber.az-a verdiyi açıqlamada yayılan xəbərləri təsdiqləsə də, hələ də bir ümid olduğunu vurğuladı:

“Bəli, belə bir qərarın qəbul ediləcəyi deyilir. Ancaq yekun qərar gələn ayın əvvəli veriləcək. Biz də qərarın nə olacağını gözləyirik. Ola bilsin ki, qərarda hansısa dəyişikliklər oldu. Mənim klubumla müqaviləm bitib. Başqa klublardan təklif ola bilər. Lakin sözügüdən qərar qəbul edilsə, bu, çətin olacaq. Təbii ki, vəziyyət belə olan təqdirdə biz vətənə qayıtmalı olacağıq”.

Həmyerlimiz ümumilikdə Bal Liqasının səvəiyyəsindən və çempionata azarkeş marağından da danışdı:

“Bura həvəskar liqa olsa da, üstünlükləri çoxdu. Şərait, əmək haqqı bunlar da qaydasındadır. Təbii ki, bu cür şeylər çıxış etdiyin klubdan asılıdır. Əgər o klubun böyük hədəfləri, məqsədi varsa, şəraiti və əmək haqqısı da yaxşı olacaq. Çempionata  kifayyət qədər maraq da var. Hər oyun stadionlarda 7-8 min azarkeş olur. Biz  “Turan Tovuz”la birinci divizionda çempion olsaq da, Premyer Liqaya buraxmadılar. Oyunçuların bəziləri Premyer Liqa komandalarına, yarısı da Bal Liqaya gəldi.  Ancaq burada da irəli getmək üçün şans yarana bilər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43