Müsahibə Ölkə futbolu

“Azərbaycanda oynadığım üçün məni təbrik edirlər” – qabonlu futbolçu

Azərbaycan I Liqasında çıxış edən “Karvan” klubu çempionatda altıncı pillədə qərarlaşıb. Yevlax təmsilçisi mövsümə çempionluq hədəfi ilə başlasa da, komanda hələlik qeyri-stabil çıxış edir. Bölgə klubunun aparıcı oyunçularından Uensley Ondo ilə söhbət etdik.

Qabonlu futbolçu İdmanxeber.az saytına verdiyi müsahibədə komandanın hədəflərindən və qarşıdakı ölkə kuboku oyunundan danışdı:

– Dünən “Şamaxı”yə qarşı vacib qələbə qazandınız. Oyunu necə şərh edirsən?

“Karvan”a gəldiyim gündən ən çətin oyunumuzu keçirdik. İki fərqli hissə oldu. Amma sonda qələbə qazandıq və buna layiq idik.

– “Karvan” hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Bu nəticə sizi qane edir?

Əlbəttə ki, xeyr. Birinci yerdən 4 xal geridəyik. Hər şeyin daha yaxşı olacağına inanıram. Komanda olaraq daha yaxşısını edə bilərik. Kifayət qədər güclü heyətimiz var. Problemləri həll etmək və irəliyə baxmaq lazımdır. Hazırkı mövqeyimiz bizi qane edə bilməz.

– Klubun məqdəsi Premyer Liqaya yüksəlməkdir. Səncə, bunu bacaraq heyət səviyyəsi var?

Əminliklə deyim ki, bəli, bunu bacara bilərik. Klub bu məqdəsə çatmaq üçün hər cür imkanı yaradıb. Birlikdə çox çalışmaq lazımdır. İstər heç-heçə edək, istər qalib gələk, bütün matçlarda yaxşı mübarizə aparmalıyıq. Uğursuz nəticələrdən sonra belə ayağa qalxmağı bilməliyik. Çempion olub Premyer Liqaya yüksəlməliyik.

– Çempionatın səviyyəsini necə qiymətləndirirsən?

Açığı, çempionat yaxşı səviyyədədir. Təşkilatçılıq da, keyfiyyət də normaldır.

– Ölkəmizə gəlməmişdən öncə Azərbaycan futbolu barədə nə bilirdim?

Çox məlumatım yox idi. Ancaq indi bilmişəm ki, ölkənin “Qarabağ” kimi beynəlxalq səviyyədə mübarizə aparan klubu var. Azərbaycan yeni kəşf etdiyim və qısa zamanda bəyəndiyim bir ölkəyə çevrildi. Şəhərləri gözəl, insanları isə çox mehribandır. Davamlı sənə təbəssüm edirlər, salamlayırlar.

Yevlaxda yaşamağın sənin üçün hansı çətinlikləri var? Uyğunlaşa bilmisən?

Bura futbol sevgisinin hökm sürdüyü çox gözəl kiçik bir şəhərdir. Necə xoşuma gəlməyə bilər? (gülür). Burada hər şey çox yaxşı gedir və gündən-günə yeni yerlər, təzə insanlar kəşf edirəm.

Qarşıdan “Difai Ağsu” ilə kubok oyunu gəlir. Bu turnirdə sürpriz nəticələr çox olur. Siz də gözlənilməz çıxış edə bilərsiniz?

Kubok matçları çətin və maraqlı keçir. Dediyiniz kimi, burada təəccüblü nəticələrə də rast gəlmək mümkündür. Hər komanda əzmkarlıq göstərir. Ən vacibi 90 dəqiqəlik oyun ərzində diqqətli olmaqdır. Birlikdə yaxşı mübarizə aparıb məqsədə çatacağıq. Mənim əsas hədəfim Premyer Liqaya yüksəlmək və səviyyəmizi sübut etməkdir.

-Səncə, Azərbaycandakı performansınla Qabon millisini dəvət ala biləcən?

Məni çox yaxında izləyirlər, daim məlumat alırlar. Azərbaycan I Liqasında çıxış etdiyim üçün məni təbrik də etmişdilər. Gələcəkdə daha yaxşı yerlərə getmək istəyirəm. Əlbəttə, millidən dəvət gözləyirəm. Bu, performansıma görə əsl mükafat olar.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43