Ölkə futbolu

“Bakı”nın futbolçusu: “Nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq üçün gücümüz var”

Son illər  gənc futbolçuları ölkə futboluna qazandıran “Bakı” daha bir parlaq gələcək vəd edən futbolçunu bu il “təqdim etdi”. Sevindirici haldır ki, cari mövsümdən əsas komandaya cəlb olunan Eltun Hüseynov elə ilk turdan əsas heyət üzvünə çevrilə bildi. 

İdmanxeber.com-un məlumatına görə, 20 yaşlı müdafiəçi klubun rəsmi saytına müsahibə verib.

Gənc futbolçulara verdiyi önəmə görə  Topaz Premyer Liqasında fərqlənən “Bakı”nın əsas heyət oyunçusu kimi ilk təəssüratların necə oldu?

Hələ ötən mövsümdə əvəzedici heyətin kapitanı olduğum zaman əsas komandanın məşqlərində iştirak edirdim.  Bir gün əsas komandada oynayacağımı gözləyirdim. Nə yaxşı ki yetirməsi olduğum klubun birinci komandasında oynamaq şansı qazandım. “Bakı”da oynadığım üçün fərəh və qürur hissi keçirirəm. Bizə üstünlük verdiyi üçün rəhbərlik  və məşqçi korpusuna təşəkkür edirəm. Onların sayəsində biz geniş publikaya təqdim olunuruq. Bizə verilən bu şansdan maksimum yararlanmağa çalışırıq. Əsas məqsədimiz futbol oynayaraq bərkiyib  gələn il daha da iddialı olmaqdır.

Ötən mövsüm əvəzedicilərin çempionatında oynayırdın. İndi isə  Premyer Liqada. Bu iki birincilik arasında  fərqli cəhətləri nədə görürsən?

Fərq çoxdur. Əvəzedicilərlə nisbətdə burada temp daha yüksəkdir. Təcrübəli oyunçular daha çoxdur. Premyer Liqada gənclər üçün oynamaq çox çətindir. Buna baxmayaraq hər bir oyunda təcrübəli futbolçulardan nə isə öyrənirik. Qarşılaşdığımız futbolçular nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq  üçün güc və istedadımız var.  

Son illər təkcə “Bakı”da yox  Azərbaycan futbolunda gəncləşdirmə siyasəti aparılır. Müxtəlif çempionatlara bununla bağlı limitlər tətbiq edilir. Bu prosseslər millidən də yan keçməyir. Bir neçə oyun oynamağına baxmayaraq  milli komandada çıxış etmək barədə düşünürsənmi?

Hər bir futbolçu kimi milli  komandada oynamaq mənim də arzumdu. Bu mövsüm əsas məqsədlərimdən biri də Berti Foqtsun diqqətini çəkib milliyə dəvət almaqdır. Təəssüf ki, bu günə kimi nədənsə  aşağı yaş qrupları üzrə millilərdə çıxış edə bilməmişəm. Düzdü bir neçə dəfə dəvət edilsəm də zədə səbəbindən şansımı əldən vermişəm. Bu dəfə heç bir problem yoxdur. Çağırsalar hazıram.

Bu mövsüm klubumuzun siması dəyişib. İndi insanlar adlarını ilk dəfə eşitdikləri onlarla futbolçu ilə tanış olur. Bütün bunlar sənin də məzunu olduğun akademiya sayəsində baş tutur. “Bakı” akademiyasında fürsət gözləyən onlarla istedadlı yeniyetmə və gənclərə hansı məsləhətlərin var?

Mən də gəncəm. Aramızda ciddi yaş fərqi yoxdur. Akademiyadakı uşaqlar bizə mənəvi cəhətdən böyük dəstək verirlər. Məşqə gedərkən qarşımıza çıxan uşaqlar, yeniyetmələr hər kəs bizim kimi olacaqlarını deyirlər. Onlar arasında çox istedadlı uşaqlar var. Bir neçə ilə onları da tanıyacaqsınız. Onlara bu yolda uğurlar arzulayıram. Məşqləri buraxmasınlar. Fərdi məşqlər edib çatışmayan cəhətlərini aradan qaldırsınlar. Hər kəsə hörmətlə yanaşsınlar. Böyük-kiçiyi itirməsinlər. Biz də illərlə müxtəlif liqalarda oynayaraq bu günə gəlib çatmışıq. Onlar da bu etaplardan üzüağ çıxmalıdır. İnşallah bundan sonra onlarda da alınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43