Dünya futbolu

“Bir çox klub bizə həsəd aparmalıdır” – “Qarabağ”ın futbolçusu

“Qarabağ” daim avrokuboklarda çıxış edir. Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkə mətbuatına müsahibəsi zamanı deyib. 32 yaşlı futbolçu daha sonra belə davam edib:

“Çempionlar Liqasının pley-offunda Çexiyanın “Viktoriya” klubuna məğlub olduq. Avropa Liqasında “Frayburq”, “Nant” və “Olimpiakos”la bir qrupda yer aldıq. Franszılardan bir xal geri qalaraq, qrupda üçüncü yeri tuta bildik. İndi bizi Belçikanın “Gent” klubu ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir”.

Xorvatiyalı futbolçu Premyer Liqada da yaxşı çıxış etdiklərini və Ağdam təmsilçisinin ölkə kubokundakı məğlubiyyəti barədə də danışıb:

“İkinci pillədəki komandadan 7 xal öndəyik. Mövsüm sonu çempion olacağımıza inanırıq. Ölkə kubokunda isə durum fərqlidir. Əvvəllər çıxış etdiiym “Qəbələ”yə uduzaraq, mübarizəni dayandırdıq. Kuboku onların qazanmasını istərdim, o klubda çox yaxşı xatirələrim var”.

Azərbaycanda 7-ci ilini keçirən Ozobiç yeni gələndə bu qədər qalacağını gözləmədiyini etiraf edib:

“Burada yaşamaq həqiqətən xoşdur. Bakı şəhəri də insanlar kimi gözəldir. Klub haqqında ən yaxşı sözləri deyə bilərəm. Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir. İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Burada da Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır. Benzinin bir litrinin qiyməti təxminən 3,5 xorvat kunasıdır”.

O, paytaxtda heç bir təhlükə hiss olunmadığını vurğulayıb: “Üç il öncə koronavirus pandemiyası ilə bağlı hər yer bağlı idi. Bir səhər yuxudan oyanıb gördüm ki, sosial şəbəkələr və ünsiyyət üçün digər tətbiqlər işləmir. Daha sonra yemək üçün harasa getdim və yalnız onda bildim ki, Ermənistanla müharibə başlayıb. Amma burada qonşu ölkələrdəki hərbi münaqişələr hiss olunmur. Ən azından mən hiss etmirəm, həyat normaldır”.

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki şansları dəyərləndirib: “Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq”.

Ozobiç “Qarabağ”la müqaviləsinin bu ilin yayında başa çatacağını, lakin klubla hələlik bu barədə danışmadıqlarını qeyd edib: “Görək, necə olacaq”.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, 2016 – 2018-ci illərdə “Qəbələ”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43