19 Sentyabr 2024
Ölkə futbolu

Bojoviçdən nə gözləməli?

Təlim-məşq toplanışını başa vuran “Neftçi” Antalyada iki yoxlama oyununda məğlub oldu. Mövsümə istədiyi kimi başlaya bilməyən komanda ikinci dövrəyə yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi ilə hazırlaşır. 

Adrian Mutunun ardından monteneqroluya tapşırılan komandanın çempionatın geri qalanında necə çıxış edəcəyi maraqla gözlənilir. Bojovoçin qısa müddətdə “ağ-qaralar”da nələri dəyişəcəyini təxmin etmək çətindir. Adrian Mutunun dönəmində heç cür ideal heyət formalaşmaması mütəxəssisin işini xeyli çətinə salacaq. 

Çünki bütün yeni məşqçilər gəldikləri komandada əsas heyətə əl gəzdirməklə vəziyyəti dəyişməyə çalışır. Təcrübəli mütəxəssisin isə belə bir şansı yoxdur. Çünki “Neftçi”də əsas heyət, oturmuş bir oyun planı qurula bilmədi. Rumıniyalının yaratmaq istədiyi sistem ya yarımçıq qaldı, ya da heç alınmadı.

Alınamamasının bir neçə səbəbləri oldu. Onun komanda ilə yay təlim-məşq toplanışı keçirməməsi, heyətin tamamən yenilənməsi və s kimi ciddi əsasları önə çıxarmaq olar. Ancaq artıq ehtiyac yoxdur. Çünki Mutu ilə vidalaşılıb. 

Bəs Bojoviçdən nə gözləməli?

Baş məşqçi işi çox qəlizdir. Dünyanın inkişaf etmiş ölkələrində bütün mütəxəssislərə zaman lazımdır. Ortabab Avropa ölkələrində bu dözüm olmur. Dərhal nəticəyə köklənmiş klublar elə ilk fürsətdə baş məşqçi dəyişikliyinə gedir. “Neftçi” rəhbərliyi də alışılmış üslubu seçdi.

Rəhbərlik sanki mövsümün ilk yarısındakı çıxışdan daha çox, komandanın ikinci dövrədə göstərəcəyi performansı düşündü. Yaranan fasiləni fürsətə çevirməyi planladı. Alınıb-alınmamağı zamanın öhdəsindədir. 

Yoxlama görüşlərində sərgilənən oyun, baş məşqçi dəyişikliyi və heyətə yenidən refreş verilməsi “Neftçi” üçün çətin günlərin davamına işarədir. Ancaq az ehtimal edilən geridönüş də üfuqda parlaya bilər. Fasilədən sonrakı start vacib amildir. Monteneqrolu baş məşqçinin Premyer Liqaya necə başlayacağı gedişata çox təsir edə bilər. 

Bojoviçin komandanı tanıma fürsəti, heyətlə qısa vaxtda daha çox vaxt keçirməsi belə kritik vaxtda yeganə müsbət məqam ola bilər. Ehtimal ki, təcrübəli mütəxəssis bu dönəmdə komandanı daha çox psixoloji olaraq toparlamağa və yeni ab-hava yaratmağa köklənib.

Hər halda, 10-15 günə yeni bir sistem formalaşmasını gözləyəsi deyilik. Adətən belə dəyişikliklərin ardından bir-iki toxunuş dərhal sezilməli və ya göstərilməlidir. Monteneqrolu qısa vaxtda az da olsa, nəsə təqdim etməyə çalışsın. Çünki “Neftçi”nin hazırda ən çox buna ehtyacı var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43