İdman

Bu gün onun ad günüdü

Bu gün “Neftçi”nin keçmiş futbolçusu və baş məşqçisi Əhməd Ələsgərovun doğum günüdü.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, 1935-ci ildə Bakıda dünyaya gələn əfsanə 1956-1965-ci illər ərzində “ağ-qaralar”ın heyətində 210 oyun keçirib, 17 qol vurub.

 

Əhməd Ələsgərov zədə səbəbindən futbolçu karyerasını erkən başa vurduqdan sonra özünü məşqçilik sahəsində sınayıb. 1966-2006-cı illər ərzində baş məşqçi kimi fasilələrlə “Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın “Pamir” (Düşənbə, 1972), Ukraynanın “Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın “Araz” (1979), Moldovanın “Nistru” (Kişinyov, 1988-1989), “Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

 

Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidi. O, 1966-cı ildə “Neftçi” və 1974-cü ildə Ukraynanın “Çernomorets” klublarına SSRİ çempionatının bürünc medallarını qazandırıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan millisini çalışdırıb. 1999-cu ildə “Neftçi” Ələsgərovun rəhbərliyi altında Azərbaycan kubokuna sahib olub.

 

Milli komandamızın ilk baş məşqçisi debüt ilindəcə “Neftçi”yə SSRİ çempionatlarında yeganə medalı qazandıran mütəxəssis, 4 ölkənin əməkdar məşqçisi adına layiq görülən unikal şəxsiyyət kimi tarixə düşüb.

 

Qeyd edək ki, Əhməd Ələsgərov 2015-ci il mayın 19-da vəfat edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43