Kateqoriyasız

Dodo: “Yunanlar hörmətsizlik edir və bu, gülməlidir” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Dodonun müsahibəsi

– Çempionatın ilk turunda qarşılaşdığınız “Qarabağ”la oyun barədə nə deyə bilərsiniz?
– Bu, Azərbaycanın ən yaxşı komandalarının qarşılaşması idi. Hansı ki, bu iki klub hazırda ölkəni Avropa Liqasında da təmsil edir. Bu oyun göstərdi ki, mövsüm də maraqlı keçəcək. Nəticəyə gəlincə, tam ədalətlidir. Baxmayaraq ki, hər iki komandanın qələbə qazanmaq şansı var idi.

– Rəşad Sadiqovun qırmızı vərəqə almasını necə qarşıladınız?
– Pis. Qırmızı vərəqəlik qayda pozuntusu yox idi. Təəssüf ki, hakim belə bir qərar çıxardı. Bu, bizim oyunumuzu korladı.

– “Qəbələ”nin çempionluq yolunda “Qarabağ”ın əsas rəqibi olacağını demək olar?
– Əla baş məşqçimiz, yaxşı heyətimiz var. Komandamız indiki çempiona yeni mövsümdə layiqli müqavimət göstərə bilər. Amma mən əminliklə deyə bilmərəm ki, bizim bu yoldakı yeganə rəqibimiz ağdamlılar olacaq.

– Cavid Hüseynovla bağlı gündəmi zəbt edən məsələlər barədə münasibətiniz necədir?
– Mən bu məsələyə toxunmaq istəmirəm. Sadəcə, elə etməliyik ki, onun yoxluğu komandaya təsir etməsin.

– Yəqin ki, Avroliqada “Panatinaikos”a qarşı kapitansız mübarizə aparmaq çətin olacaq…
– Yaxşı komandamız, kifayət qədər səviyyəli futbolçularımız var. Biz yenə də yaxşı oyun sərgiləməyə davam etməliyik.

– Amm “Panatinaikos”dan öncə sizi AZAL-la çempionat oyunu gözləyir…
– Biz istənilən sınağa hazırıq. Hər iki görüş bizim üçün vacibdir. Avroliqada da qələbə qazanmağa davam etmək lazımdır.

– Yunan azarkeşlərin Bakıya gəlməkdən qorxduğu bildirilir…
– Yunanlar hörmətsizlik nümayiş etdirirlər və bu, sadəcə, gülməlidir. Bir braziliyalı olaraq beş ildir burada yaşayıram və deyə bilərəm ki, Azərbaycanda gözəl insanlar var, ölkədə sakitlik, sülh hökm sürür. Ondan əvvəl Xorvatiya və İspaniyada da yaşamışam. Azərbaycanlıları pisləyən yazılar yazmaq lazım deyil. Yunan azarkeşlər də sakitcə Bakıya gələ bilərlər. Azərbaycan kimi unikal ölkəni, çox maraqlı oyunu görmək şansını buraxmasınlar.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43