19 Sentyabr 2024
Ölkə futbolu

“Ətrafı yaxşı olmayan oyunçu, futbolda qala bilməyəcək” – millimizin baş məşqçisi

Azərbaycan futbolunda ən böyük problemlərdən biri də 15-16 yaşlı oyunçuların uzunmüddətli karyera qura bilməməsi və futboldan uzaqlaşmasıdır. Aşağı yaş qruplarından stabil olaraq bu yaşa qədər irəliləyən, davamlı oynayan 15-16 yaşlı futbolçular sonunu gətirə bilmir. Elə bu səbəbdən də bu gün istər Premyer Liqada, istərsə də I, II Liqada yerli oyunçu çatışmazlığı var. 

Uzun müddətdir davam edən bu problemlərin bir neçə səbəbləri var. Davamlı bu mövzunu gündəmə gətirən mütəxəssislər fərqli-fərqli amilləri qabardırlar. Biz də bu məsələyə toxunaraq U-17 millimizin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına verdiyi açıqlamada 15-16 yaş qrupuna aid əksər oyunçuların futboldan uzaqlaşmasını belə şərh etdi:

“Bu məsələ çox ciddi və uzun müddətdir davam edən bir problemdir. Klubda və millidə çalışdığım dönəmlərdə müşahidə etdiyim qədəri ilə bu, məşq prossesi ilə əlaqəli bir durumdur. Oyunçuların 15-16 yaşdan sonra futboldan uzaq düşmələrinin əsas səbəbi bu işə yanaşmalarıdır. Çünki yaş artdıqca böyüyürlər və həyata baxışları dəyişir. Əvvəlki qədər həvəsləri qalmır, məşqlərdə istəkli olmurlar. Bu səbəbdən də inkişaf edə bilmirlər və məcbur futboldan gedirlər. Hansı oyunçular ki, valideynlərinə daha yaxın olub, onların nəzarətində qalır bunlar da vəziyyət nisbətən daha yaxşı olur. Məsuliyyətli olurlar.

Ümumiyyətlə, bu yaş dövründə oyunçuların istər məktəbdə, istər küçədə, istərsə də komandadakı ətrafı çox önəmlidir. Ətrafı yaxşı olmayan oyunçu, futbolda qala bilməyəcək. Sonradan yoluna qayıdıb futbola dönsə də, çox gec olur. Əvvəlki formasını bərpa edə bilmir. Çünki vaxtında məşqlərə düzgün yanaşmayıb, doğru çalışmayıb. 

Futbolda rejim önəmli amildir. Buna diqqət edilməsə, oyunçu inkişaf edə bilməz. Bu yaş qrupuna aid uşaqlar isə rejimlərinə önəm vermirlər, dost-tanışları ilə daha çox vaxt keçirmək istəyirlər. Fikirləri tamamən futboldan yayınır. Bu isə məşqə, onun tam formalaşmasına təsir edir. Formadan düşdüyü zaman isə futbolçunun zədələnmə riski artır. Fikir verin, gənc oyunçular futboldan hansı halda gedirlər? İki səbəb var: ya məşqlərə dözmürlər, ya da zədə imkan vermir. Çox ciddi zədələrdən sonra futbolçulara yaxşı forma yığmaları üçün zaman və dözüm lazımdır. Buna dözmək üçün oyunçuda möhkəm iradə olmalıdır. İradə olmadıqda isə futbolçunun özü rəqabətə dözmür, sahədən uzaqlaşır. Çünki artıq rəqabətdə məğlub olub.

Təəssüf ki, çox istedadlı uşaqlar bu yaş dönəmində itirlər. Ancaq dediyim kimi, valideyn nəzarətində olan oyunçular bu, nisbətən daha az müşahidə olunur. Çünki dərslərinə və futbollarına lazımı qədər vaxt ayıra bilirlər. Ama bəzən burada da istisnalar olur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43