İdman

Fərid Qayıbov uğur qazanmış idmançılarla görüşüb

Aprelin 9-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

İdmanxeber.az məlumat verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Bədii gimnastika, tamblinq, ikili mini-batut, batut gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, aerobika gimnastikası, güllə atıcılığı, stolüstü tennis, üzgüçülük, cüdo, stronqmen, uşu-sanda, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43