Kateqoriyasız

Fariz Nəcəfov: “Biz ona daha çox pul təklif etmişik” (MÜSAHİBƏ)

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun İdmanxeber.com-a müsahibəsi.

İlk öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik…

– Gözlədiyimiz kimi, uşaqlar oyuna yüksək əhval-ruhiyyə ilə çıxmışdılar. Bərk-bərk tapşırmışdıq ki, “boşalmaq” olmaz. Çünki səfərdən qələbə ilə döndüyümüzə görə bundan çəkinirdik. Hamı məsuliyyətini dərk etdiyinə görə, qalib gəldik.

İkinci hissə sizin üçün darıxdırıcı olmadı?

– Təki darıxdırıcı olsun, amma mərhələ keçək (gülür).

Komanda inamlı çıxış edir. Heyətdə yeni oyunçular görə biləcəyik?

– Məlumatınız var. Artıq 1 futbolçu ilə razılaşmışıq. Onun Bakıya viza məsələsinin həllini gözləyirik. Gəlsin, tibbi müayinədən keçsin, bundan sonra 2 illik müqavilə bağlanacaq.

Essombe vaxtilə Baqali Dabo ilə birlikdə oynayıb. Keçiddə Dabonun da rolu var?

– Dabo bizim komandaya keçəndən sonra aralarında bir neçə dəfə telefon danışığı olub. Yəqin ki, lazım olan məlumatı ona çatdırıb. Essombe də klubumuz haqda yüksək fikirdə olduğu üçün keçidə razılaşıb.

Bu futbolçu “Astra” ilə razılaşmanı son anda imzalamayıb. Essombenin bu cür məsuliyyətsizliyindən xəbəriniz var?

– Bu danışıqların nə qədər uğurlu olduğu haqda məlumatım yoxdu. Futbolçunu bizə menecerlər təklif edib. Dabo gələn vaxtdan Essombe ilə danışıq aparırıq. Onunla “Astra” arasında nə baş verdiyindən isə xəbərim yoxdu.

Essombenin fikrini dəyişməsində maddi məsələ rol oynaya bilər?

– Yüksək məbləğ yoxdu. “Astra”nın verdiyi məbləği oxudum, bizim ona təkıif etdiyimiz məbləğ ondan çox olsa da, kəskin fərqlənmir.

Ötən il bu vaxt “Apollon”u gözləyirdiz, indi isə “Lill” gələcək. Əhval-ruhiyyə nə yerdədi?

– Məşqçimizlə də söhbət etdik, daha çox təcrübənin üzərində dayanır. Amma təkcə təcrübə deyib dayanmaq olmaz, inam, istək də olmalıdı. Bu olan yerdə əziyyətinin bəhrəsi olur. Keçilməz sədd yoxdu. Şans varsa, maksimum istifadə etməyə çalışacağıq.

İlk oyundan sonra yeni transferlərinizin gücünə qiymət verməyin hələ tez olduğunu bildirmişdiz. Artıq 4 oyunda iştirak ediblər…

– Mən yeni transferləri çox bəyəndim. Amma işin o biri tərəfi də var. Bu futbolçular Qəbələyə gedib yerli şəraitə uyğunlaşandan sonra özlərini necə göstərəcəklər, bunu deyə bilmərəm.

Uiks Dodonu unutdurub?

– Yox. Dodo başqa tip oyunçu idi, Uiks isə fərqlidi. Dodonu unutdurmaq üçün hələ çox vaxt lazımdı.

Klubun prezidenti Tale Heydərov matçı izləməyə niyə gəlməmişdi?

– Ölkə xaricində olduğuna görə gəlməmişdi. Amma komandanın səfərdəki matçında stadionda idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43