İdman

Fəhmin Muradbəyli niyə “Zirə” və “Sumqayıt”a yox deyib, “Səbail”i seçdi? – ÖZƏL

Qış transfer çalışmalarını davam etdirən “Səbail” dünən rəsmi olaraq “Neftçi”dən Fəhmin Muradbəylinin keçidini həll etdi.

İdmanxeber.com-a daxil olan məlumata görə, “Zirə” və “Sumqayıt”ın da istədiyi Fəhmin daha az büdcə qarşılığında “Səbail”i seçib. Nə qədər maraqlı səslənsə də, 22 yaşlı oyunçu iddialı “Zirə” və son vaxtların formada olan komandası “Sumqayıt”ı deyil, məhz sabiq baş məşqçisi Samir Əliyevin komandasını seçib. “Neftçi”də işlədiyi dönəmdə Fəhmin Muradbəyli ilə münasibətləri yaxşı olan Samir Əliyev futbolçunu komandasına götürməkdə bir o qədər çətinlik çəkməyib.

Paytaxt təmsilçisi bu günlərdə növbəti transferini ictimayyətə açıqlayacaq. Söhbət “Neftçi”nin digər üzvü Rahil Məmmədovdan gedir. Danışıqların müsbət məcrada davam etdiyini və qeyri-adi hal baş verməyəcəyi halda 2018-ci ildən Rahil Məmmədovun da “Səbail”də çıxış edəcəyini öyrəndik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43