Kateqoriyasız

Foqts Azərbaycan yığmasına heç nə vermədi…

Berti Foqtsun komandaya başçılıq etdiyi 2008-ci ildən bu yana millimiz ilk dəfə bu cür dinamik, baxımlı oyun nümayiş etdirdi.

Dünən nəhayət ki, uzun müddətdir gözlədiyimiz hadisə reallaşdı. Azərbaycan yığma komandası yer aldığı qrupda lk qələbəsini qazandı. İndi bunu da başqa cür qiymətləndirməyə dəyməz. Məsələn, başqaları 4-cü,5-ci qələbələrinə sevinir, biz isə seçmə mərhələdə hələ ilk dəfə qələbə qazanırıq. Neynəmək olar,olanımız budur, buna da şükür. Bunu görməyənlər də var. Mənim fikrimcə, Berti Foqtsun komandaya başçılıq etdiyi 2008-ci ildən bu yana millimiz ilk dəfə bu cür dinamik, baxımlı oyun nümayiş etdirdi. Rasim Ramaldanovu və Elnur Allahverdiyevi çıxmaq şərti ilə digər futbolçular işlərinin öhdəsindən əla gəldilər. “Qarabağ”ın və milli komandanın parlamaqda olan ulduzu Qara Qarayev dünən demək olar ki, yarımmüdafiənin dayaq sütunu idi. Araz Abdullayevin, Rauf Əliyevin, Mahir Şükürovun göstərdiyi performans adamın gözünü qamaşdırırdı. Dünənki matçı izlədikdən sonra milli komandanı sevən,onun daim uğur qazanmasını arzulayan bir vətəndaş kimi bir qədər heyifsləndim. Kaş, dünənki nəticə İsrail ilə hər iki matçda, Şimali İrlandiya ilə səfərdə, Lüksemburqla isə ən azından Bakıda qeydə alınardı. Onda vəziyyət tamam fərqli olacaqdı və biz bu gün başqa bir mövzunu müzakirə edəcəkdik. Ancaq sevindirici bir məqam da ondan ibarətdir ki, millimiz yer aldığı qrupda yalnız iki rəqibə, o da ki, Braziliyada keçiriləcək mundialın ən azından ¼ finalına iddialı olan rəqiblərə, uduzub. Rusiya və Portuqaliyaya. Ancaq Rusiya ilə hələ bir oyunumuz qalıb və dünənki performansı yada salsaq və eyni həvəslə oynasaq, onda ən azından 1 xala ümid edə bilərik.

Şimali İrlandiya qarşısında əldə etdiyimiz qələbə bizə indiyənə qədər istər düya çempionatının seçmə mərhələsi olsun, istərsə də Avropa çempionatının seçmə mərhələlərində qazanmadığımız xalı qazandırdı. Hazırda 8 xalımız var və biz qrupda Şimali İrlandiyanı və Lüksemburqu qabaqlayırıq. Ən çox xal topladığımız seçmə mərhələ 2012 Avropa çempionatında olmuşdu ki, onda da 7 xal qazanmışdıq. Amma bir fakt da var ki, bu iki nəticəni də Berti Foqtsun baş məşqçiliyi dövründə əldə etdik. İndi bu cuzi inkişaf göstəricilərini,rekord xalları Berti Foqtsun ayağına yazaq ya necə? Çünki, İsraillə oyuna qədər artıq hamı dekabr ayının tez gəlməsini gözləyirdi. Çünki bu ilin dekabrında Bertinin müqavilə müddəti başa çatır və o, Azərbaycandakı 5 ilik macərasına son qoya bilər. Ancaq İsrail yığması ilə səfərdə əldə olunan 1-1-lik heç-heçə, Şimali İrlandiyadan alınan 3 xal bir çoxları kimi AFFA-nı da “bəlkə” deməyə məcbur edəcək. Ancaq mənim fikrimcə, heç bir bəlkələrə ehtiyac yoxdur. Foqts Azərbaycan yığmasına heç nə vermədi.

Milli komandanın dünənki qələbəsi, qrupda yalnız Rusiya və Portuqaliyaya məğlub olması və təəssüf ki, Lüksemburqu uda bilməməsi Bertinin işinin bəhrəsi deyil. Rauf Əliyevin dünən, bəlkə də karyerasının ən gözəl oyununu nümayiş etdirməsi, Qaranın, Mahirin, Arazın, Rahidin, Kamranın,Cavidin və başqalarının foramada olması,baxımlı oyun nümayiş etdirməsi milli çempionatımızın ildən-ilə daha da güclənməsi və çəkişməli olması ilə bağlıdır.Qurban Qurbanovun, Milinko Pantiçin,Yuri Syominin eləcə də Tərlan Əhmdov kimi mütəxəssislərin görüdyü işlər millimizə, bizm rekord kimi dəyərləndirdiyimiz  8-ci xalı qazandırdı. Neçə belə rekordlara…

İqbal Aslanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43