Ölkə futbolu

“Gecə saat 2-yə qədər rəhbərlik və futbolçular…”

“Xəzər Lənkəran”-“Neftçi” qarşılaşmasından sonra yaşananlar ölkə gündəminin əsas müzakirəsinə çevrilib. Artıq hadisə ilə bağlı 7 nəfər barəsində cinayət işi başlanıb.

Ev sahibi “Xəzər Lənkəran” dünən Lənkəran şəhər Mərkəzi Stadionunda baş verən hadisələrə rəsmi münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında hadisənin əsas səbəbi kimi may ayında paytaxtda baş tutan ölkə kubokunun final qarşılaşmasından sonra “Xəzər”li futbolçuların döyülməsini göstərib:

“Dünən baş verən olaylar hamımızı üzüb. Hələ yaxşı ki, Lənkəran polisi və Daxili Qoşunlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bildilər. Matç ərzində oyunun dayanmaması,  meydana azarkeşlərin daxil olmaması kimi vacib amillər var və bütün digər hadisələr oyun sonrası baş verib. Amma ortada çox böyük bir fakt var-bu hadisələrin yaşanacağı gözlənilirdi. Çünki mayın 28-də Bakıda keçirilən ölkə kobokunun finalında baş verən hadisələrə görə cəzalanmalı olan insanlara layiqli cəza verilmədi. “Neftçi” ilə oyuna az qalmış guya idman direktoru vəzifəsindən çıxarılmış Güloğlan Cabbarov “Neftçi” prezidenti ilə Albaniyada klubun rəsmi geyimində matçı VİP lojada izlədi. Bütün bu amillər, yəni cəzasızlıq insanları daha da hiddətləndirdi. Bir ay ölkə mətbuatı ölkə kubokunun finalında baş verən biabırçılığı işıqlandırdı, pislədi, lakin nə dəyişdi? Kimlər cəzalandı? Dünən “Neftçi” tərəfinə biz oyundan sonra  klub olaraq onlara öz qonaqpərvərliyimizi göstərdik. Gecə saat 2-yə qədər rəhbərlik və futbolçular “Xəzər Lənkəran”ın bazasında qalıb çörək yeyib, çay içib yola salnıb. Yəni biz klub olaraq 15 min insanın qarşısını almağa qadir deyilik. Necə ki, bu qədər polis və daxili qoşunlar bunu çətinliklə etdi. Ona görə də vaxtında düzgün cəzalar verilsə idi, kütlə sakitləşərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43