Ölkə futbolu

“Oyunun bu qədər dayanması yaxşı hal deyil” – Qurban Qurbanov

“Bəzən emosiyalar olur. Oyun tez-tez dayanırdı, temp aşağı düşürdü. Oyunun bu qədər dayanması yaxşı hal deyil. Futbolçu dinamikaya uyğunlaşmalıdır. Hakim hər bəsit epizoda vərəqə verəndə düşünməlidir. Sadə “sarı”lar olmaz. Bu, oyunçunu növbəti matç kənarda saxlaya bilər. Bəsit vərəqələrə görə etirazımı bildirdim. Vurulan qolda ofsaydın olduğunu bilmirəm. Toral Bayramova ikili mübarizədə vərəqə verirlər. Belə olmaz. Bu hallara öyrəşmək lazımdır. Oyunun sürətini artırmaq istəyirsən, pauza verilir. İstəyirsən ki, futbolçular daha yaxşı tempə öyrəşsin. Etirazlarım bunlara görə idi. Amma etikanı pozmadım”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ” – “Səbail” (4:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Andrey Lunyovla bağlı məsələyə də aydınlıq gətirib:

“Buna önəm vermirəm. Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Bəzən də bəzi cümlələr əks-fikir təəssüratı yaradır. Lunyovla bağlı böyüdüləsi şey yoxdur. Müqaviləsi davam edir. Gedişatda danışıqlar olub, güzəştlər olacaqdı, onlar da olub. Son günlərdəki yazılara uyğun nəsə yoxdur. Hər şey qaydasındadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43