Dünyadan

Kamran və Emin oynadı, “Boavişta” “Benfika” səfərindən 1 xalla döndü – VİDEO

Portuqaliya çempionatında 17-ci turun oyunları keçirilir. 

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvləri – Emin MAhmudov və Kamran Ağayevin çıxış etdikləri "Boavişta" klubu bu gün səfərdə "Benfika"nın qonağı olub. Matça fəal başlayan "Boavişta" klubu 14-cü dəqiqədə hesabı açmağı bacarıb. Rəqib buraxılan qolun şokundan ayılmamış Kamran Ağayevin komandası 20-ci və 25-ci dəqiqədə fərqlənərək fərqi 3 topa çatdırıb. "Benfika" klubu matçın 41-ci dəqiqəsində buraxılmış qollardan birinin əvəzini çıxa bilib 1:3. 

İkinci hissədə də hücumlarını davam etdirən "Benfika" klubu 53-cü dəqiqədə penalti qazanıb. Əlinə düşən imkandan maksimum yararlanan "Benfika" klubu hesab arasındakı fərqi minimuma endirib. Matçın 67-ci dəqiqəsində isə "Boavişta"nın futbolçusu Fabio Espinyo avtoqol müəllifi olub və görüş 3:3 hesabı ilə başa çatıb.

Matça start heyətdə daxil olan Kamran Ağayev görüşün 75-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Emin Mahmudov isə görüşün 88-ci dəqiqəsində meydana daxil olub. O, avtoqolun müəllifi Fabio Espinyonu əvəzləyib.

Xatırladaq ki, bu matçdan sonra xallarının sayını 42-yə çatdıran "Benfika" klubu turnir cədvəlindəki liderliyini davam etdirir. Aktivinə 1 xal yazdıran "Boavişta" isə 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43