Kateqoriyasız

Kapitandan XL-in bostanına daş: “Bəlkə “Xəzər Lənkəran” Lənkəranda belə meydanda oynayır, amma biz…” – MÜSAHİBƏ

“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Superkubok matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

– Belə gərgin matçın sonunda məğlub oldunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik…

– Bu cür görüşü belə bərbad meydanda oynamazlar. İki ardıcıl ötürmə vermək olmurdu. Futbolçular çox əziyyət çəkirdi. Bəlkə “Xəzər Lənkəran” Lənkəranda belə meydanda oynayır, amma biz “Bakcell Arena” kimi düz meydanda çıxış edirik. Heyətimizdə texnikalı futbolçular çox olduğundan həqiqətən də əziyyət çəkdilər. Bu da hardasa psixoloji baxımdan təzyiq yaratmışdı. Uşaqların oyunu alınmadı.

– “Neftçi” ikinci hissədə daha istəkli idi. Fasilədə nə dəyişdi?

– Bəli, ikinci hissədə daha yaxşı oynadıq. Sadəcə, gərginlik həddindən artıq idi. Tez-tez mübahisələr olurdu. Bu cür hallar isə oyunun marağını azaldır. Hər iki komandanın üzvləri yıxılıb, yerdə qalırdılar. İstər-istəməz oyunun tempi aşağı düşmüşdü. Hər şeyə rəğmən, rəqibi qələbə münasibəti ilə təbrik edirəm.

– Siz də o meydanda oynayırdız, “Xəzər Lənkəran” da.. Buna görə şikayətlənməyə dəyərmi?

– Lənkəran təmsilçisi də hansısa yaradıcı hücum sonunda qol vurmadı. Onlar da hava ötürməsi ilə qol vurdular. Bu cür yerdə kombinasiyalı futbol oynamaq çox çətindir. Biz də udsaydıq, onlar deyəcəkdi ki, meydan amili həlledici oldu. Burda söhbət təkcə bizdən getmir. Hər iki tərəf üçün futbol oynamaq çətin idi.

– Hakim penalti təyin etsə də, sonra fikrini dəyişdi. Bunu “Neftçi”nin xeyrinə dəyərləndirmək olarmı?

– Qərarını dəyişmək hakimin səhvi idi.

– Bəs qırmızı vərəqə epizodu?

– Qırmızı vərəqəni hələ bir qədər tez verməli idi. Çünki biz cərimə zərbəsi başlayan vaxt Sadio Tounkara Stamenkoviçə dirsək atdı. Amma hakim vərəqə göstərmədi. Tounkara yetənə ayaq, yetməyənə daş atır. Belə futbol oynamazlar. Düzdür, futbolda sərt oyun var.

– Bu bu məğlubiyyətin çempionat oyunlarına mənfi təsiri olacaqmı?

– Xeyr, çempionat oyunları tam fərqlidir. Həm də çempionatda belə meydanda oynamırıq. Futbolçular üçün daha rahat olacaq. Çalışacağıq ki, hər şey qaydasında olsun.

– Hakimliklə bağlı nə deyə bilərsiz?

– Hər iki komanda tərəfindən hakimlərə təzyiq oldu. Mən öz oyunçularımıza qışqırırdım ki, hakimə yaxınlaşmayın. Bu cür oyunları idarə etmək çox çətindir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43