Ölkə futbolu

“Karyeramın yarısı “Neftçi”də keçib“ – Rəşad Sadıqov

– Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər, ya da geri sala bilər. “Sumqayıt” çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Sumqayıt” – “Zirə” (0:0) görüşündən sonra keçirilən mətbuat konfrasında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov deyib. O, daha sonra adınız “Neftçi” ilə hallanır sualına isə belə cavab verib:

“Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, “Neftçi”də, “Qarabağ”da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah “Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də belə periodda heç bir məşqçiyə təklif göndərməz. Bu, şaiyədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim “filan komandanın baş məşqçisiyəm” kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43