Ölkə futbolu

Samir Abasov: “Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər”…

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az məlumat verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

–  Bu oyundan sonra bir Sumqayıt sakini olaraq komandanın oyununa gələrdiz?

– 100 faiz gələrdim. Komanda pis oynamadı, turnir cədvəlindəki yeri pis deyil. Bu gün düşünmürəm ki, onları üzəcək bir şey etdik. Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır.

– Son oyunlarda “Sumqayıt”ın nəticələrinə hakimlərin səhvini önə gətirərək, kölgə salırlar. Bu, oyunlarınıza necə təsir edir?

– Son iki oyunda baş verənlərim bizimlə əlaqəsi yoxdur. Bir az yox, yetərincə təzyiq gəldi üzərimizə. Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Kim desə ki, hakimlər “Sumqayıt”a kömək edir, həmin adamla oturub danışa, suallarına cavab verə bilərəm. Bu polemikaya girsəm, uzun söhbətlər olacaq. Mənim özümə də xoş olmayacaq. Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər…

– Bu gün “Sumqayıt”ın hakim köməyinə ehtiyacı var?

– Kimsə bizi gətirib olduğumuz yerdə otuzdurmayıb. Son iki oyundan danışırıqsa, həmin komandalarla digər matçlarımıza baxaq. Həmin iki komandadan oyun baxımından üstünük. Qış fasiləsindən sonra uzun seriya yaxalamışdıq. “Qarabağ”la oyunda seriyamız qırıldı. Düşünmürəm ki, hansısa klubumuzun hakimə ehtiyacı olsun. Həmin oyunlarda biz də nələrdə ortaya qoya bilərik. Məsələn niyə Roy Kehatın qolu sayılmayıb? Amma biz bunun üzərinə getmirik. Həmin klublara da təşəkkür edirəm ki, bizə tərəf yozmadılar. Bu söhbətləri ört-basdır etmək lazımdır. Bizə heç də xoş deyil. Bu gün də hakimin yox, öz hesabımıza qələbə qazanmaq istəyirdik. 

– İlk yarının sonunda hakimlə mübahisə etdiniz. Həmin epizodda nə baş vermişdi?

– Meydanda olan epizodlara görə idi. Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm mütləq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43