Kateqoriyasız

“Kəpəz”in Müşahidə Şurasının üzvləri veteranlar və məşqçi-müəllimlərlə görüşdü

İyunun ayının 18-də Gəncə şəhər stadionunda veteran futbolçular və ayrı-ayrı idman məktəblərində çalışan məşqçi-müəllimlərlə görüş keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, “Kəpəz” PFK-nın Müşahidə Şurasının təşəbbüsü ilə reallaşan görüşdə qurumun üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və Müşfiq Cəfərov, həmçinin klubun icraçı direktoru Mehman Allahverdiyev çıxış edib. 40-a yaxın futbol veteranı və mütəxəssisin qatıldığı tədbirdə komandanın gələcək planları, infrastruktur sahəsində görüləcək işlərlə bağlı dəvətlilərə məlumat verilib.

Mikayıl Nərimanoğlu Gəncə futbolunda kompleks şəkildə işlərin aparılacağı haqda danışarkən, bütün diqqətlərin şəhərin baş arenasına yönəldiyini deyib. O, idman qurğusunun əsaslı olaraq yenilənəcəyini vurğulayıb. Müşahidə Şurasının üzvü belə görüşlərin tez-tez keçiriləcəyini də sözlərinə əlavə edib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə veteranları və məşqçiləri görüləcək işlərə dəstək verməyə çağırıb.

Qocaman futbol veteranlarından Tofiq Əliyev, Əvəz Mustafayev, Vahid Abbasov və digərləri diqqətə görə minnətdarlıq edib, Gəncə futbolunun ənənələrinin bərpası və bu idman növünün inkişafı üçün ilk növbədə uyğun şəraitin yaradılmasını önə çəkib.

Çıxışlardan sonra irəli sürülən məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, məsləhətləşmələr olub.

Təxminən saat yarım davam edən görüşün sonunda xatirə şəkli çəkdirilib.

Əlavə edək ki, iyunun 19-da Gəncə şəhər stadionunda azarkeşlərlə də görüş keçiriləcək. Görüş saat 17:00-da başlayacaq və bütün fanatlar tədbirə dəvət olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43