Ölkə futbolu

“Kəpəz”lə müqavilə imzalayan Vüqar Bəybalayev “Sumqayıt”a niyə keçdi?

May ayının 8-də “Kəpəz” klubunun rəsmi saytı bir neçə futbolçu ilə yeni müqavilə imzalandığı barəsində məlumat yaydı. Məlumatda müqavilə imzalanan futbolçular arasında Vüqar Bəybalayevin də adı var idi. Lakin dünən – mayın 12-də “Sumqayıt”ın saytı Vüqarla 1 illik müqavilə imzaladığını açıqladı. Futbolçunun belə bir addım atması Gəncəli azarkeşlər tərəfindən də birmənalı qarşılanmadı. Bir çoxları futbolçunun “Sumqayıt”dan daha cəlbedici təklif aldığı üçün həmin komandanı seçdiyini bildirdi.

Məsələ ilə bağlı Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. O, idmanxeber.com saytına açılqamasında məsələnin pulla bağlı olmadığını bildirdi.

“Əslində, bu barədə bazar ertəsi rəsmi məlumat verəcəkdik… Vüqar bizimlə razılığa gəlmişdi, hər şey qaydasında idi. Lakin o, daha sonra bizə bildirdi ki, “Sumqayıt”a keçmək, ailəmin, yaxınlarımın yanında qalmaq istəyirəm. “Kəpəz”də də belə bir qayda var ki, getmək istəyən futbolçunu heç vaxt məcbur edib komandada saxlamırıq. Ürəyi “Kəpəz”lə döyünən futbolçuya komandamızda hər zaman yer var.

Onun “Sumqayıt”a yaxşı təklifə görə getdiyini deyə bilmərəm. Çünki Vüqar bizə ayrılmaq istədiyini bildirəndə ailəsinə daha yaxın qalmaq istədiyini bildirmişdi”.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43