Ölkə futbolu

“Komanda “Qarabağ”ın adına görə ehtiyatlanırdı” – Tərlan Əhmədov

“Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Bilirdik ki, qarşımızdakı rəqib hansı səviyyəyə malikdir. Buna rəğmən öz oyunumuzu diqtə etməyə çalışırdıq. Heç olmasa bir xal almaq istəyirdik. Komanda hardasa “Qarabağ”ın adına görə ehtiyatlanırdı. İntizamlı və səhvsiz oynamağa çalışırdıq. Bəlkə də penalti olmasaydı, oyun fərqli olardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra səhvlər ardıcıllıqla gəldi. Amma ümumilikdə komandanın mübarizliyi, döyüşkənliyi, “Qarabağ”dan çəkinməyərək oynaması və rəqibimiz kimi müdafiədən hücuma topla çıxmağımız məni sevindirdi. Qarşıdakı oyunlara daha çox diqqət yetirməliyik. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bizi çox ağır üç oyun gözləyir. Hamısı da bizim rəqiblərimizdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Qarabağ” oyunu sonrası deyib. O, komandasının qazandığı penalti barədə bunları deyib:

“Təmiz penalti idi. Hakimə irad tutulası məqam deyildi. Belə oyunlarda çox diqqətli olmaq lazımdır. “Qarabağ” rəqibi səhv etməyə məcbur qoyur. Özləri də səhvləri heç vaxt bağışlamır. “Neftçi” ilə tam fərqli heyətlə çıxmışdıq. Mate Kvirkviya və Fərid Nəbiyevin üç sarı vərəqəsi olduğundan onları qorumağa çalışırdıq. “Neftçi” ilə matçda da Mate ehtiyatdaydı, komanda normal oynadı. “Qarabağ” liderdir, xal ehtiyatı çoxdur. Komanda elə səviyyədədir ki, istədiyi komanda ilə oyunda matçı dəyişəcək gücdədir. Penaltidən əvvəl daha diqqətli olsaydıq, bəlkə də oyun fərqli məcrada keçərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43