Ölkə futbolu

“Çempionluq məğlubiyyətsiz olsa, pis alınmazdı” – Qurban Qurbanov

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gərgin oyun alındı. Oyunçularımda bəlkə də stress var idi. Qələbə üçün çox əziyyət çəkdilər. Dinamik komandaya qarşı oynayırdıq. “Kəpəz” son turlarda baxımlı və fərqli futbol nümayiş etdirir, öz oyunundan əl çəkmir. Çox sürətli oyunçuları var, sürətli hücuma keçirlər. Müdafiə xəttində bir neçə səhvi nəzərə almasaq, futbolçularım rəqibin qarşısını ala bildi. Vacib üç xal qazandıq. “Kəpəz”ə uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Keçən mövsüm də bir məğlubiyyətimiz olmuşdu. Məğlubiyyət olmasaydı, yenə eyni ssenari yaşanacaqdı. İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq. Ancaq hələ məqsədimizə çatmamışıq. Qarşıda 7 oyun var. Bu da 21 xal deməkdir. Bizim üçün hər oyun çox önəmlidir. Amma o sıralarda olmaq bizim üçün xoşdur. Komandanı hər oyuna məğlub olmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda çox olub ki, ehtimal etmədiyin matçda məğlub olursan. Ona görə də, qarşıdakı oyunlara daha da hazır olmalıyıq. Bizim üçün vacib olan komandanın oyununu daha da yaxşılaşdırmaq və hücumlarımızın sayını daha da artırmaqdır. Ancaq çempionluq məğlubiyyətsiz olsa, pis alınmazdı.

Yasin Benzia və Adama Diakabi düşünmədiyimiz anlarda zədə aldılar. Hazırlıq prosesləri uzandı. Get-gedə özlərinə gəlirlər və daha yaxşı performans əldə edəcəklər. Çalışacağıq ki, daha yaxşı səviyyəyə qalxsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43