Ölkə futbolu

Krakovdan Lənkərana… “Uğurun sirri..”

"Qarabağ" "Xəzər-Lənkəran"la son qarşılaşmadan 3:0-lıq qələbə ilə ayrılaraq vahid liderliyə yüksəldi.  Son 3 matçından eyni hesablı qalibiyyətlərlə ayrılan `Qarabağ` çempionatda ən çox qol vuran (20), ən az buraxan (4) komandadır. Ümumiyyətlə,  son 5 qarşılaşmada qol buraxmayan komanda  sonuncu dəfə VI turda `Rəvan`ın forvardı Kastro-Tello məyus edib. Həmin qarşılaşmanın son 70 dəqiqəsini və son 5 oyunu nəzərə alsaq komanda tam 520 dəqiqədir qol buraxmır. Təbii ki, bunda "Qarabağ"ın qolkiperi Fərhad Vəliyevin də rolu böyükdür. Artıq 7 ildir `Qarabağ`ın uğurları üçün tər tökən qolkiper 83-cu dəqiqədə `Xəzər-Lənkəran`lı Mbillanın  penaltisini dəf edərək seriyasının qırılmasına imkan vermədi. Maraqlıdı ki, Fərhad sonuncu dəfə `Qarabağ` heyətində penaltini 2010-cu ildə,  Avroliqanın III mərhələsində `Visla`yla baş tutan ilk oyunda dəf etmişdi. 90-cı dəqiqədə Matsey Juravskinin `11`metrlik zəbəsini dəf edən 33 yaşlı qolkiper 1:0-lıq qələbənin memarı olmuşdu.

Və 3 il sonra Fərhad 2-ci dəfə penaltini dəf etməklə yadda qaldı. Vəliyev klubun saytına bununla bağlı danışıb:`Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma `Visla` ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki? Dünən baş tutan oyunda isə komandamız çox yaxşı oynadı. Hərkəs sona qədər mübarizə apardı. Çox vacib  qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çxırsa komanda uğrunda mübarizə aparır. Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan `Qəbələ` ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı.`


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43