Kateqoriyasız

“Kuban”ın sabiq üzvü rəsmən “Qəbələ”də

2015/16 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

İdmaxneber.com-un məlumatına görə, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.

Bölgə klubu Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub.

Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Antonov əsas yığmada 2 matç keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43