Ölkə futbolu

Mahir Şükürov: “Böyükağa Hacıyev heç vaxt futbolçusunu başqasının ayağına verməz”

“Fənərbaxça” Türkiyə Superliqasında ən yaxın izləyicisindən 8 xal öndə olan komandadır. Büdcəsi də “Neftçi”dən çoxdur. Ona görə də bu nəticə heç də asan deyil”. Bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Mahir Şükürov deyib.

Təcrübəli müdafiəçi “Fənərbağça”ya qarşı keçirilən yoxlama oyunu (0:0) haqda fikirlərini açıqlayıb.

Şükürov azərbaycanlı jurnalistlərə açıqlamasında meydan amilinə toxunub: “Biz məsuliyyət daşıyırdıq. Bu matçda bizi istəyənlər də var idi, istəməyənlər də. Biz də klub prezidentinə söz vermişdik ki, çıxıb nə bacarırıqsa onu edəcəyik. Şükür Allaha ki, qarşılaşma heç-heçə nəticələndi. Bu gün rəqibin də qol imkanları oldu, bizim də. İmkanlardan istifadə etməyəndə, rəqib yararlanır. Bu gün isə heç-heçə oldu. Mənim öz oyunuma gəlincə, zonamda boşluq buraxmadım. Verilən tapşırıqları yerinə yetirdim. Komandamız cəmi 10 gündü hazırlığa başlayıb. İstanbullular isə daha əvvəl start vermişdi. Həm də evdə oynamırdıq, səfərdə Antalyada, “Fənərbaxça” azarkeşlərinin qarşısında çıxış edirdik”.

“Böyükağa Hacıyevin gəlişi ilə komanda dəyişib. Baş məşqçi gərək futbolçulara güvənsin. Hacıyev heç vaxt futbolçusunu başqasının ayağına verməz. Bu da futbolçu üçün stimuldur. Biz də ona görə meydanda canımızı verərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43