İdman

Matçın qəhrəmanı danışdı: “Yuri Maksimov bizi oyunlara elə motivasiya edir ki…”

Azərbaycan kubokunun final matçı çərçivəsində baş tutan “Keşlə” – “Qəbələ” matçı sonrası (1:0) paytaxt təmsilçisinin hücumçusu Pərdis Fərcad Azad əməkdaşımızın suallarını cavablandırıb.

İdmanxeber.com-a müsahibə verən matçın qəhrəmanı, əvvəlcə qarşılaşma haqda danışdı:

– Çox çətin oyun keçdi. Qarşılaşmanın son anlarında gücümüz tüşənmişdi. Rəqibin hücumçuları çox yaxşı mübarizə aparırdı. Lakin əlimizdən gələni etdik ki, kuboku qazanaq.

– Azərbaycan kubokunu qazanacağınıza inanırdınız?

– Əlbəttə. Baş məşqçimiz Yuri Maksimov bizi oyuna elə motivasiya edir ki, bütün görüşlərə qələbə əzmi ilə çıxırıq. 

– İlqar Qurbanovun qırmızı vərəqə aldığı epizoda necə şərh verərdin?

– İlqar bizim qardaşımızdı. Düzünü desəm, epizodu görmədim. Sadəcə baxdım ki, futbolçular eyni yerə toplaşıb, ardınca İlqara qırmızı vərəqə çıxdı.

– “Keşlə” Azərbaycan kubokunu qazanmağı haqq edirdi?

– Əlbəttə, qazanmışıqsa, deməli bizim haqqımız idi. Biz “Sumqayıt” səddini aşanda, düşünürdük ki, Azərbaycan kubokunu qazanacağıq. 

– Mövsümün ikinci hissəsini yaxşı tərzdə keçirdin. Səni daha iddialı klubda görə bilərik?

– İnşallah, gözləyək. Komandalar var ki, məni öz heyətlərində görmək istəyirlər.

Sirr deyilsə, adlarını açıqla…

– Olar, bu suala cavab verməyim?

– Əlbəttə, olar. Bəs “Keşlə”də necə, qalmağı düşünürsən?

– Elə ilk növbədə “Keşlə”də qalmaq istəyirəm. Zaur Axundovla söhbətimiz olacaq.

– Qalib olduğunuz üçün 5000 manat civarında mükafat alacağınız deyilir…

– Qalib olduğumuz üçün “premya” mütləq olacaq. Min bərəkət (gülür)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43