Kateqoriyasız

Mirça Rednikə Belçikada sürpriz edən “Xəzər Lənkəran” azarkeşi: “Rednik Lankaran, Lankaran deyərək…”

Bir müddət öncə Belçikada Mirça Redniki tapan və klubun loqosu olan fincanı hədiyyə edən “Xəzər Lənkəran” azarkeşinin kimliyinə aydınlıq gəlib. 

İdmanxeber.com-un məlumatına görə, İdrak Muradov adlı bu azarkeş “12-ci oyunçu” azarkeş qrupunun saytına müsahibə verərək rumıniyalı mütəxəssislə olan görüşü haqda fikirlərini açıqlayıb:

“Rednik hələ Belçika “Standard”ında çalışanda onu ziyarət etmək istəyirdim. Bildiyiniz kimi, aprelin 9-da onun doğum günüdü. Mən də 2013-cü ilin 9 aprel tarixində onu təbrik etmək istəyimə nail oldum. İşimi planlı şəkildə qurmuşdum. Rendiklə görüşmək arzum böyük idi. Lənkərandan ona hədiyyə almışdım. Üstündə Rednikin şəkli olan fincan. Belçikaya getdim və “Anderlext” – “Gent” oyunu bitdikdən sonra onunla görüşdüm. Öncə “Anderlext”in, ardınca “Gent”in futbolçuları avtobusdan enib içəri keçdilər. Ətrafda xeyli sayda azarkeş toplaşmışdı. Fanatlar futbolçuları alqışlayırdılar. Redniki görcək iki dəfə “Mister Rednik” deyərək çağırdım. Boynumdan “Xəzər Lənkəran” şərfini çıxarıb yuxarı qaldırdım. Rednik o səs-küyün içərisində səsimi eşitdi. Hamıdan aralanıb mənə tərəf gəldi. “Lankaran, Lankaran” deyərək yerişini sürətləndirdi, mənə yetişəndə böyük sevinclə əl verib görüşdü. Rednik məni görcək necə təəccüblənmişdisə, onun ucadan “Lankaran, Lankaran” deməsi də hamını təəccübləndirmişdi. Amma bu onun vercinə də deyildi. Avtobusdan düşəndə fikirli görünən Rednik mənlə görüşərkən çox sevincli görünürdü. Sanki uzun illər görmədiyi doğmalarından biri ilə qarşılaşırdı. “Eurosport”un əməkdaşları Redniklə görüşməyimi, əlimdə saxladığım “Xəzər Lənkəran” şərfini çəkdilər. Bütün bunlar bir neçə saniyə davam etdi. Fincanı da klubun əməkdaşlarına verdim və ona çatdıracaqlarına söz verdilər. Sonra mətbuatdan oxudum ki, fincan ona çatıb. Özü bu barədə danışmışdı”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43