22 Dekabr 2024
Ölkə futbolu

Nazim Süleymanovdan sərt sözlər: “Hansı ölkədə klub prezidenti həm də menecerdir?”

“Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı “Kəpəz”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Karvan”, “Şahdağ”, “Turan” və digər klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər, ölkə çempionatı tək Bakıdan ibarətdir? Sonra da deyirlər yığma komanda oynamır. 8 klubdan seçim etməyə yetəri qədər futbolçu yoxdur”.

İdmanxeber.az-ın xəbərinə görə, bu sözləri futbol veteranı Nazim Süleymanov “Sputnik Azərbaycan”a müsahibəsində bildirib. Futbolumuzun hazırkı durumu ilə bağlı danışan Süleymanov millimizin  son çıxışları, sabiq klubu “Sumqayıt”dan göndərilməsi və digər məsələlər haqda da fikirlərini açıqlayıb.

– Milli komandanın son oyunları haqqında çox müzakirələr aparılır. Hərə günahı fərqli yerdə görür – futbolçularda, məşqçidə, AFFA-da və sair.

– Xaricdən kimi istəyirsən gətir, məşqçi kimi bu cür sistemlə yığma komanda formalaşdırmaq olmaz. Bu cür oyunla Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdür. Ortaya sual çıxır: əgər bu cür olacaqsa, xaricdən məşqçi gətirmək nəyə lazımdır? Bu qədər vəsait niyə xərclənməlidir? Olmaz ki, bu vəsait elə yerli məşqçilərə ayrılsın? Nazim Süleymanov danışır deyə, onu gətirək söhbəti deyil. Bizim PRO kateqoriyalı nə qədər məşqçimiz var. O maliyyənin üçdə birini onlara versək, görün necə can yandırarlar! U-21 komandamızın Lixtenşteynə məğlubiyyəti aidiyyəti adamlara bir siqnal olmalıdır. Eyni zamanda bölgə futbolu inkişaf etməlidir.

Bu olmasa futbolçuları haradan yığaq, haradan cəlb edək? Xaricdə oynayan elə də çox futbolçumuz yoxdur. Ölkə çempionatında iştirak edən klublar müstəqil olmalıdır. Klubları yaxşı saxlaya biləcək insanlar var. Sadəcə onlara imkan verilmir. Baxın, 2 milyon əhalisi olan Kosovonun 12, 500 minlik Maltanın 14, qonşu Gürcüstanın 10 klubu yüksək liqada iştirak edir. İkinci liqamızda vəziyyət lap biabırçıdır. Qalib olan komanda yüksək liqaya vəsiqə qazanmır. Bu o deməkdir ki, futbolun inkişafına gedən yolun qarşısını alırıq. Bir sözlə problem qərar verənlərdədir. Ona görə də yığma komandanın məğlubiyyəti bu gün deyil, daha əvvəldən başlayır.

– “Sumqayıt” futbol klubunda bir müddət baş məşqçi kimi fəaliyyət göstərdiniz. Amma qısa bir zamanda klubdan ayrıldınız. Səbəb nə idi?

– Ayrılmağa səbəb odur ki, klubun rəhbərliyi futbol yox, başqa şeylər haqqında fikirləşir. Futbolçu öz potensialını göstərmək üçün gücünü, ağlını, bacarığını yaşıl meydanda sərf etməlidir. Amma təəssüflər olsun ki, Azərbaycanda elə futbolçular var ki, meydançada yox ondan kənarda “oynayır”. “Sumqayıt” mənimlə müqavilə imzalayır, az sonra deyir ki, “bağışla, sənə yaxşı yol”. Bəli, deyə bilərsiniz ki, özün yazmısan ərizəni. Amma mən ərizəni yazmasaydım, növbəti oyunu 7:0 “uduzacaqdım”. Yəqin nə dediyimi anlayırsınız. “Səbail”lə səfərdə oynayırdıq. 15-ci dəqiqədə 2:0 geridəyik. Hələ bir penalti zərbəsini də rəqib qapımıza vura bilmədi. Bilirsiz bu nə deməkdir? Bu futbolda başqa şeylərdən xəbər verir.

– Sizdən əvvəl Samir Abbasov da narazı getdi

– Baş məşqçinin çantası həmişə yanında olmalıdır. Mən böyük həvəslə “Sumqayıt”a gəldim. Samirin yenə bir neçə il imkanı oldu klubu formalşdırmağa. Mən gələndə isə artıq nə transfer etmək mümkün idi, nə də dəyişiklik. Hansı ölkədə klub prezidenti həm də menecerdir? Amma bizdə var. Məgər “Sumqayıt” zəif oynayırdı ki, məni uzaqlaşmağa məcbur etdilər? Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz. Hər bir kəs futbol üçün işləməlidir. Öz şəxsi mənafeləri kənara qoymaq lazımdır.

– Hazırda nə ilə məşğulsunuz?

– Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmışıq. “Sumqayıt”da mənim başıma bu oyunlar gətirildikdən sonra qərara aldıq ki, ittifaq kimi fəaliyyət göstərək. Azərbaycanda yerli məşqçi və oyunçuları klubdan birtərəfli çıxarırlar. Amma xarici futbol mütəxəssisləri, həkimləri, oyunçuların müqavilələrinə xitam verilsə də, onlara axırıncı qəpiyə qədər ödəniş edilir. İstəyimiz bizlərə qaşı haqsızlığın qarşısını almaqdır. Məsələ ilə bağlı AFFA-nın katibi Elxan Məmmədovla da görüşmüşük. Bizim bu təşəbbüsümüzü müsbət qiymətləndirdi. Qeydiyyat məsələsində dəstək olacağını söylədi. Bu işdə mənimlə birlikdə Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Nadir Şükürov və digər şəxslər var. Biz birlikdə Gəncə, İmişli. Masallı, Buzovnada futbol ictimaiyyəti ilə görüşdük. İlk növbədə əsas məqsəd genişlənmək və daha sonra konfrans keçirməkdir.

– Olduğunuz yerlərdə hansı problemləri gördünüz?

– Ürək ağrısı ilə qeyd edim ki, Masallıda futbol məktəbi acınacaqlı vəziyyətdədir. Uşaqların məşq etməsi üçün top yoxdur. Buzovnanın o cür təlim məşq toplanışı nə gündədir. İmişlidə qapının toru yoxdur. 21-ci əsrdə Azərbaycanın bölgələrində futbol bax bu vəziyyətdədir. Əvvəllər maliyyə yox idi, qəbul etmək olardı. Bəs indi? Bu qədər maliyyənin olduğu vaxtda niyə bu problemlər həllini tapmır? Bizim məqsədlərimizdən biri də bu problemləri araşdırmaq üzə çıxarmaq və həll olunmasına yardımçı olmaqdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43