Ölkə futbolu

“Neftçi”nin AFFA-ya təzyiqi nəticəsində Flavinyonun bağışlanılmasına jurnalistlərin reaksiyası – SORĞU

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclasının ötən gün keçirdiyi iclasdan sonra verdiyi qərardan xəbərdarsız. Bilməyənlər üçün deyim ki, “İnter”lə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan və iki oyunluq cəzalandırılan Flavinyo “Qarabağ”la oyun öncəsi bağışlanıldı.

Autsayder “Sumqayıt”la matçı buraxan və İK-in sonrakı iclasında əfv olunan braziliyalının bağışlanılması nə dərəcədə dorğudu?

Jurnalistlər bu suala aydınlıq gətirməyə çalışıblar.

Rüstəm Əfsərli: “Qanunla düzdü. Mənim fikrim, “Qarabağ”la oyun öncəsi düz deyil, amma tutaq ki, “Rəvan”la oyun öncəsi olsaydı, bağışlanmasında heç bir problem olmazdı? Nə fərqi var? İstənilən halda, “Qarabağ” onları udacaq, Flavinyolu da, Flavinyosuz da…”.

Kənan Məstəliyev: “Məncə, Flavinyoya iki oyunluq cəza verilməsi əvvəlcədən səhv qərar idi. Epizoddan da görünürdü ki, futbolçu ona qarşı edilən kobudluğa cavab verib. Bu hərəkətin cəzası elə 1 oyun idi. Apellyasiya Komitəsinin məsələyə yenidən baxıb, cəzanı belə demək olarsa, 1+1-ə dəyişməsini düzgün sayıram. Nəzərə alsaq ki, həmin matçın baş hakimi Rəhim Həsənov rəsmi olmasa da, cəzalanıb. Növbəti turda nə Premyer-Liqa, nə I divizon, nə də kubokda təyinat almayıb – onun səhvə yol verdiyini də düşünmək olar. Odu ki, Flavinyonun nisbi bağışlanılması, hazırkı durumda düzgün atılmış addımdı”.

Şamo Quliyev: “Futbolçuların vərəqlərinin ləğv edilməsinə FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda da rast gəlinir. AFFA-nın Apellyasiya və Ekspert Komitəsi də bundan ötrü var olan qurumdur.  Yəni, bu baxımdan Qurban Qurbanovun “ Vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdır” fikri ilə razı deyiləm. Cəzanın yüngülləşdirməsinə və ya ləğv edilməsinə gəlincə, burada hər şey vəziyyətdən asılıdır. Məsələn, futbolçuya yanlışla vərəqə göstərilibsə, bunun ləğv edilməsi ədalətin bərpası kimi qiymətləndirilə bilər. Həmçinin oyunçunun qayda pozarkən hərəkəti bilərəkdən edib-etməməyi də önəmlidir. Konkret Flavinyoya epizoduna gəlincə, braziliyalı açıq-aşkar “İnter”in futbolçusunu dirsəyi ilə vurur. Bu isə birbaşa qırımızı vərəqə deməkdir və fikrimcə, onun cəzası 2 oyun olmalıdır. Burada qəsddən edilmiş bir hərəkət var. Belə deyək, Flavinyo sürüşmə fəndi yerinə yetirərkən, futbolçuya qarşı kobudluq edib, “qırmızı” alsaydı, onu bağışlamaq olardı. Ancaq indiki halda əfv edilməsi düzgün deyil, məncə. Futbolçu bilərəkdən etdiyi kobudluğun cəzasını çəkməlidir ki, ağlı başına gəlsin”.

Rəşad Ergün: “Neftçi” də, “Qarabağ” da AFFA-ya, Ramin Musayevə yaxın komandalardı. Məncə, imkan vermək lazımdı, kimi bağışlamaq, kimi bağışlamamaq məsələsinə öz aralarında aydınlıq gətirsinlər. Flavinyo olsa da, olmasa da, məncə, belə oyunların nəticələri öncədən müəyyən olunur. Lap bu oyun olmasa da, “Neftçi” və “Qarabağ” artıq bilir ki, çempionatı harda bitirəcəklər. Ramin Musayev çoxdan bu barədə onlarla razılığa gəlib”.

Elgiz Abbasov: “Ola bilər ki, apellyasiya komitəsi düzgün qərar verib, cəzanı ləğv edib. Amma mən belə halların əleyhinəyəm. Yəni qərar bir dəfə verilir və bu ləğv olunmur. Təsəvvür edin ki, hakim qırmızı vərəqəni göstərir amma sonra nəsə yadına düşür və bunu ləğv edir. məncə, oxşar vəziyyətdi. Hakim qırmızını necə ləğv edə bilmirsə, qərar da ləğv olunmur. Belə halları pisləyirəm”.

Röya Kərimli: “Maraqlı məqamdı. Daha doğrusu qəribə. Artıq heç təəccüblənmirəm. Vallah futbolumuzda o qədər “oyunlar” olur ki, bu hələ xırda məqamdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43