İdman

Norveç millisinin baş məşqçisi: “Estoniya, Azərbaycan və Macarıstanla…”

“Belarus yığmasına məğlubiyyətə görə narahat deyiləm. Bazar günü Almaniya ilə matç isə tam fərqli olacaq”. İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan norveçlilər dünən Belarusla keçirdikləri yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzublar.

 

Bu matçdan sonra kəskin tənqidlərə məruz qalan Hoqmo narahat olmadığını bildirib. Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli mütəxəssis AÇ-2016-nın təsnifat mərhələsində Azərbaycanla öz meydanlarında qolsuz heç-heçə etdikləri matçı xatırlayıb: “Belarusla oyunda nəzarət bizim tərəfimizdə olduğundan, əks-hücuma az keçdik. Ümumiyyətlə, biz “Ulleval”da keçirdiyimiz görüşlərdə rəqibi “sındırmaq” üçün bütün gücümüzü meydanda qoyuruq. Amma son vaxtlar bu, alınmır. Estoniya, Azərbaycan və Macarıstanla evdəki oyunlarda da analoji halla üzləşmişik. Bəzi problemlərimiz var. Bizdən aşağı səviyyəli komandalara qol vurmaqda çətinlik çəkirik”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Norveçin yığmamızla ilk oyunu bu il, oktyabrın 8-də Bakıda, ikinci qarşılaşması isə gələn il, sentyabrın 1-də Osloda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43