Ölkə futbolu

“Oyuna daha çox onlar nəzarət edirdi” – Rəşad Sadıqov

“Bizim üçün çox vacib oyun idi. 4 gün öncə də eyni rəqiblə oynamışdıq. Futbolçularda bir az yorğunluq hiss olunurdu. Həm də rəqib çox keyfiyyətli komandadır, sonuncu yerdə olmaqlarına baxmayaraq bir çox oyunlarda qələbəylə ayrılmalıydılar. Ancaq baxırdın ki, qol fürsətlərindən istifadə edə bilmirdilər, rəqib isə əlinə düşən imkanlardan istifadə edib onları məğlub edirdi. Bilirdik ki, bu oyun bizim üçün ağır keçəcək. Futbolçular çox yaxşı köklənmişdi. İlk hissədə 3 qol vurub daha rahat oynayacağımızı düşündük ancaq belə olmadı. Rəqib heç cür təslim olmaq istəmirdi. Hətta 4-cü qoldan sonra belə meydanda xarakter göstərirdilər. Oyuna daha çox onlar nəzarət edirdi. Çox şükürlər olsun ki, qələbə qazandıq. Futbolçularımı təbrik edirəm”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Zirə” – “Qəbələ” (4:0) oyunundan sonra keçirilmiş mətbuat konfrasında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov səsləndirib. O, daha sonra sualları cavablandırıb:

”Zirə” ilk hissədə daha aqressiv görünürdü və bunun məntiqi nəticəsi olaraq 3 qol vurdunuz. Ancaq ikinci hissədə elə bir aqressivlik bir az azaldı…

– Tam əksinə göstəriş olmuşdu ki, aqressivliyimizi qoruyub saxlamalıyıq. Biz onu birinci hissədə hiss eləmişdik ki, rəqib sınmır, mübarizəyə davam eləyir. Çox şükürlər olsun ki, qələbəni qoruyub saxlaya bildik. Doğrudur, burda rəqibin də rolu var ki, ikinci hissədə tempi artırdılar. Təbii ola bilsin ki, nəticənin də təsiri var idi. Oyunçular daha çox qol buraxmamaq və yaxud top fərqinin azalmağına çalışdılar. Doğru qeyd eləyirsiz ki, ilk hissədə daha yaxşı oynadıq.

3 oyundur ardıcıl qələbə qazanırsız, komanda son vaxtlar daha baxımlı və istəkli oyun sərgiləyir. Bunu səbəbi zədəlilərin azalması və qışda gələn transferlərin uğurlu olmağı ilə bağlıdır?

– “Tam səbəbi deyə bilmirəm. Ancaq bu amil məni sevindirir. Bu gün turnir cədvəli elədir ki, hər oyun, hər xal çox önəmlidir. 1-2 tur qələbə qazanmırsan geri düşürsən, 1-2 tur ardıcıl qələbə qazanırsan yuxarı çıxırsan. Yarış elə gedirki, çox maraqlı və gərgin mübarizə gedir. Sadaladığınız məqamların da təsiri ola bilər. Ancaq ümumən eyni iş rejimində işləyirik. Ola bilər hansısa oyunda yaxşı alınıb, hansısa oyunda alınmayıb. Ola bilsin ki, əvvəlki oyunlarda qol fürsətlərindən istifadə edə bilmədik, bu gün etdik. Bu tam olaraq nəylə bağlıdır deyə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43