Milli komanda

Prosineçkinin millimizdə antirekordu

Azərbaycan milli komandası Robert Prosineçkinin baş məşqçiliyi dövründə antirekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, millimiz 48 yaşlı xorvatiyalı mütəxəssisin başçılığı altında ilk dəfə ardıcıl 3 rəsmi oyunda uduzub. Bu, DÇ-2018-nin seçmə mərhələsində Şimali İrlandiyaya səfərdə 0:4, Almaniya və Şimali İrlandiyaya evdə müvafiq olaraq 1:4 və 0:1 hesablı məğlubiyyətlərdir. Nəticədə seçmə mərhələyə çox uğurla başlayan, ilk 3 oyuna 7 xal toplayan Robert Prosineçkinin yetirmələri artıq 3 matçdı xal üzünə həsrət qalıb.

Millimiz xorvatiyalı mütəxəssisin “sükanı arxası”na gəldiyi ötən seçmə mərhələdə ən pis halda ardıcıl 2 oyun məğlub olmuşdu. Bu, seçmə mərhələnin sonunda İtaliyaya evdə 1:3, Bolqarıstana səfərdə 0:2 hesablı məğlubiyyət idi.

Millimiz seçmə mərhələdə Prosineçkinin rəhbərliyi altında 12 oyuna çıxıb. Bunlardan 3-də qələbə qazanılıb, 4-də heç-heçə edilib, 5-də uduzulub (topların fərqi 8-16). Millimiz Prosineçkinin dövrüdə ümumilikdə 19 qarşılaşma keçirib ki, bunun 7-si yoldaşlıq görüşləridir. Həmin qeyri-rəsmi oyunlarda isə balans belədi – 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, topların fərqi 7-11. Beləliklə, Azərbaycan yığması xorvatiyalı çalışdırıcısının başçılığı altında 19 oyunda 5 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyət alıb (topların fərqi 15-27).

Millimiz Prosineçki ilə bunadək evdə yalnız 1 oyunda qol vura bilməmişdi. Bu, həmyerliləri – Xorvatiya yığması ilə “Bakcell Arena”da qolsuz bərabərlik idi.

Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasında 2-ci dəfə eyni rəqiblə qrupda 2 dəfə üz-üzə gəlib. Bu, ötən seçmə mərhələdə Malta yığmasından sonra bu dəfə Şimali İrlandiya millisi idi. Onda millimiz matlalılara uduzmayaraq 4 xal götürə bilmişdi – evdə 2:0, səfərdə 2:2. Ancaq Prosineçki şimali irlandlara hər 2 matşda uduzduğundan ilk dəfə bir rəqibdən 1 xal belə ala bilməyib.(sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43